Azərbaycanın tədiyyə balansında rekord kəsir: Səbəb - Açıqlama

Azərbaycanın tədiyyə balansında rekord kəsir: Səbəb - Açıqlama İqtisadiyyat

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın tədiyyə balansında 1 milyard 125 milyon ABŞ dolları məbləğində kəsir (defisit) qeydə alınıb. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balansı 181,6 milyon ABŞ dolları profisitlə nəticələnmişdi. 2025-ci ilin ilk üç rübünün yekunlarına görə formalaşan bu kəsir 2020-ci ilin son rübündən bəri qeydə alınan ən yüksək mənfi göstəricilərdən biri hesab olunur. Həmin ildə pandemiya şoku fonunda neft qiymətlərinin kəskin ucuzlaşması nəticəsində tədiyyə balansında kəsir 2 milyard ABŞ dollarına qədər yüksəlmişdi. Sonrakı illərdə isə neft qiymətlərinin artması və təbii qaz ixracının genişlənməsi tədiyyə balansının ölkənin xeyrinə dəyişməsinə imkan vermişdi. Ümumilikdə 2020–2024-cü illər və 2025-ci ilin ilk üç rübü üzrə Azərbaycan tədiyyə balansında 14 milyard 261 milyon ABŞ dolları məbləğində profisit qeydə alınıb.

Bu rəqəmlər tədiyyə balansında yaranmış mənfi dinamikanın səbəbləri ilə bağlı suallar doğurur. Mövcud vəziyyətin arxasında hansı amillərin dayanır? Bu və digər suallara aydınlıq gətirməyə çalışmışıq.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında idxalın artması əsasən qızıl idxalının kəskin şəkildə artması ilə əlaqədardır:

"Qızılın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 4 milyard dollardan çox olub. Bu, Azərbaycanın tədiyyə balansında ciddi bir dəyişiklik yaratmış və ölkənin iqtisadiyyatında müəyyən narahatlıq doğurmuşdu. Tədiyyə balansında kəsirin artmasının digər mühüm səbəbi neftin qiymətinin dünya bazarlarında ucuzlaşmasıdır. Neftin qiymətinin düşməsi ilə bağlı yaranan mənfi tendensiya, Azərbaycanın əsas ixrac gəlirlərinin azalmasına gətirib çıxarıb. Bunun nəticəsində, ötən ilin eyni dövrü ilə müqayisədə tədiyyə balansında 1 milyard dollardan çox azalma baş verib".

İqtisadçı Rəşad Həsənov

İqtisadçı həmçinin bildirib ki, tədiyyə balansında yaranan kəsir arzuolunan deyil və bu cür mənfi meyllərin qarşısını almaq üçün gələcəkdə müəyyən müdaxilə tədbirləri həyata keçirilməlidir:

"Burada nəzərdə tutulan, idxalın nəzarətə alınması, xüsusilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi və yerli istehsalı artırmaqla tədiyyə balansını bərpa etməkdir".

Həsənovun sözlərinə görə, bu cür tədbirlərin təsiri məhdud ola bilər, çünki ölkənin iqtisadiyyatı ümumilikdə neft sektoruna böyük dərəcədə bağlıdır. Azərbaycanın xarici ticarət siyasəti və kapital axını məsələləri də bu duruma təsir edən əsas faktorlar arasında yer alır. Yəni ölkədən çıxan kapitalın yerli iqtisadiyyata yatırılması mümkün olsa, tədiyyə balansında müsbət dəyişikliklərə yol aça bilər".

İqtisadçı qeyd edib ki, bu defisit hazırda Azərbaycan iqtisadiyyatı üçün birbaşa təhlükə yaratmır.