Dövlət şirkətlərinə yeni öhdəlik: Maaşlara necə təsir edəcək?
İqtisadiyyat
Azərbaycanda dövlət müəssisələri gələn ildən etibarən xalis mənfəətlərinin bir hissəsini məcburi qaydada dövlət büdcəsinə dividend kimi ödəyəcəklər. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni dividend siyasətinə əsasən dövlət şirkətləri xalis mənfəətin minimum 30 faizini büdcəyə köçürməlidir. Ödənişlər cari ildən proqnozlaşdırılacaq və 2027-ci ildən etibarən dövlət büdcəsinə faktiki şəkildə daxil olacaq.
Bəs yeni qaydalar büdcə gəlirlərini artırmaqla yanaşı, müəssisələrin fəaliyyətinə hansı dəyişiklikləri gətirəcək?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət müəssisələrinin dövlət büdcəsinə dividend ödəməsi yeni praktika deyil, lakin bu proses indiyədək vahid və yazılı qayda əsasında tənzimlənmirdi:
"Əvvəllər də mənfəətlə işləyən iri dövlət şirkətləri büdcəyə dividend köçürürdü. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, SOCAR və digər gəlirli fəaliyyət göstərən qurumlar dövlət büdcəsinə dividend ödəyiblər. Sadəcə olaraq bunun üçün ayrıca, sistemli və hamıya şamil olunan konkret mexanizm yox idi. Qərarlar daha çox tapşırıq və ya ayrıca razılaşma əsasında verilirdi”.
İqtisadçı qeyd edib ki, bu məsələlərlə müxtəlif dövrlərdə fərqli qurumlar məşğul olub:
“Əvvəllər Dövlət Əmlak Komitəsi, Maliyyə Nazirliyi, hazırda isə Azərbaycan İnvestisiya Holdinqi bu istiqamətdə müzakirələr aparırdı. Hər dövlət müəssisəsinin tabe olduğu nazirlik və ya qurum var və onlar maliyyə nəticələrini tənzimləyərək dividend ödənişlərini formalaşdırırdı. Yəni mexanizm var idi, amma vahid, normativ qayda şəklində təsbit olunmamışdı. Yenilik ondan ibarətdir ki, artıq dividend ödənişinin forması və minimum həddi müəyyənləşdirilib və bu qayda gələn ildən tətbiq olunacaq.
Onun sözlərinə görə, artıq dəqiq müəyyən edilib ki, dövlət müəssisələri xalis mənfəətin minimum 30 faizini dividend kimi ödəməlidir:
"Bu, əvvəlki kimi fərdi tapşırıqlarla deyil, ümumi qayda əsasında həyata keçiriləcək. Xalis mənfəət bütün xərclər çıxıldıqdan sonra şirkətin balansında qalan vəsaitdir. Buraya əməkhaqqı xərcləri, təchizat xərcləri, inzibati və əməliyyat xərcləri, vergilər və digər öhdəliklər daxildir. Bütün bu xərclər beynəlxalq maliyyə hesabatı standartlarına uyğun şəkildə hesablanır. Bundan əlavə, şirkətlər mümkün risklər və gələcəkdə yarana biləcək xərclər üçün də ehtiyatlar formalaşdırır. Yəni həm baş vermiş, həm də potensial xərclər nəzərə alınır. Bütün bunlardan sonra qalan məbləğ xalis mənfəət sayılır”.
Onun fikrincə, yeni mexanizm şəffaflığın və fiskal intizamın gücləndirilməsi baxımından əhəmiyyətlidir:
“Əgər şirkət qazanclıdırsa, dövlət səhmdar kimi öz payını almalıdır. Minimum 30 faiz tələbi də məhz bu məntiqə əsaslanır. Bu, həm büdcə daxilolmalarını artıracaq, həm də dövlət müəssisələrinin maliyyə intizamını daha da gücləndirəcək. Bu isə işçilərin əməkhaqqına təsir etməyəcək. Çünki məbləğ xalis mənfəətdən çıxılacaq. Qayda belədir”.