Gömrükdəki yeniliklərlə bağlı VACİB XƏBƏRDARLIQ - Nələr dəyişir?

İqtisadiyyat

Azərbaycanda gömrük sistemində nəzərdə tutulan dəyişikliklər yeni yanaşmaların tətbiqini gündəmə gətirir. Xüsusilə malların gömrük dəyərinin manatla bəyan edilməsi və bir sıra prosedurların yenilənməsi sahibkarlar üçün yeni imkanlar yaradır. Bununla yanaşı, dəyişikliklərin konkret tətbiq mexanizmləri və əhatə dairəsi ilə bağlı bəzi məqamlar hələ də müzakirə mövzusu olaraq qalır.

Məsələ ilə bağlı News24.az-a fikirlərini bildirən Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib ki, gömrük məcəlləsinə edilən dəyişikliklər gömrük sistemində bir sıra yeni tənzimləmələrin tətbiqinə və eyni zamanda qaydaların yenilənməsinə gətirib çıxaracaq:

"Yeni qaydaların müsbət tərəflərindən biri ondan ibarətdir ki, ödənişlər artıq manatla həyata keçiriləcək. Bu isə valyuta riskinin azalması və sahibkarların ödənişləri milli valyuta ilə həyata keçirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Nəticə etibarilə, sahibkarların xarici valyutadan asılılığı da azalacaq ki, bu da müsbət məqamlardan biridir".

Deputat gömrük mallarının bəyan edilməmişdən öncəki proseslərdəki dəyişiklik barəsində də məlumat verib:

"Yeni qaydalara əsasən nəzərə alınır ki, ölkəyə gətirilən malların bir qismi gömrük sistemində müəyyən müddət saxlanılır. Yəni mallar bəyan edilməzdən əvvəl bir müddət gömrük orqanlarında qalır. Yeni qaydalara görə, əgər gömrük sərhədini keçdiyi gündən etibarən 6 ay müddətində mallar rəsmiləşdirilməzsə, yaxud rəsmiləşdirmə başlanıb tam başa çatdırılmazsa, həmin mallar və eləcə də nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək. Bu o deməkdir ki, ölkəyə avtomobil və ya digər mallar idxal edən sahibkarlar 6 ay ərzində həmin malların rəsmiləşdirilməsini həyata keçirməlidirlər. Yalnız bu halda həmin məhsulların ölkə daxilində istifadəsi mümkün olacaq. Əks halda isə mallar dövlət mülkiyyətinə keçiriləcək".

Onun sözlərinə görə, yeni qaydalara əsasən, gömrük orqanları tərəfindən auditlərin aparılması da nəzərdə tutulur:

"Həm kameral, həm də səyyar auditlərin həyata keçirilməsi planlaşdırılır ki, bu da xüsusilə xarici ticarət iştirakçılarının fəaliyyətinin daha effektiv şəkildə yoxlanılmasına imkan yaradacaq. Digər mühüm məqamlardan biri elektron xidmətlərdən istifadənin genişləndirilməsidir. Bu, elektron xidmətlərin daha aktiv tətbiqinə, korrupsiyaya qarşı mübarizənin güclənməsinə və şəffaflığın artmasına şərait yaradacaq. Bu çərçivədə risklərin idarə edilməsi sistemi də yaradılacaq və avtomatlaşdırılacaq, nəticədə risklərin elektron qaydada idarə olunması mümkün olacaq. Bu yeniliklər proseslərin elektronlaşması və risklərin effektiv idarə olunması baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda, brokerlərin reyestr qeydiyyatı ilə bağlı prosedurların da elektronlaşdırılması nəzərdə tutulur. Bu isə qeydiyyat prosesinin daha qısa müddətdə həyata keçirilməsinə və reyestr xidmətlərindən daha səmərəli istifadə olunmasına imkan yaradacaq".