Afrika qitəsi parçalanır: Yeni okean gözləniləndən tez yaranacaq?

Afrika qitəsi parçalanır: Yeni okean gözləniləndən tez yaranacaq? Maraqlı

Alimlər Afrika qitəsinin sürətli şəkildə parçalandığını və yeni okeanın formalaşdığını bildiriblər.

News24.az xəbər verir ki, bu barədə Polşanın “RMF24” radiosu Kolumbiya Universitetinin Lamont-Doherti Yer Rəsədxanası və Turkana Hövzəsi İnstitutunun araşdırmasına istinadən məlumat yayıb.

“Görünür, Afrika qitəsi düşündüyümüzdən daha tez parçalanmaya yaxındır. Qitənin şərq hissəsinin altında, məşhur Turkana qırılma zonası ətrafında yer qabığı kritik dərəcədə nazikləşib”, – deyə məlumatda qeyd olunub.

Alimlər vurğulayıblar ki, qitənin parçalanması artıq kifayət qədər irəliləmiş mərhələdədir. Qırılmanın mərkəzi hissəsində yer qabığının qalınlığı cəmi 13 km təşkil edir, digər ərazilərdə isə bu göstərici 35 km-ə çatır.

Turkana qırılması təxminən 500 km uzanır və Böyük Afrika rift sisteminin bir hissəsidir.

Qeyd olunub ki, hazırda Afrika tektonik plitəsi Somali plitəsindən ildə təxminən 4,7 mm sürətlə ayrılır.