Avtomobil nəhəngi bu qərarı ilə hər kəsi təəccübləndirdi
Maraqlı
Əfsanəvi avtomobil istehsalçısı “Renault” hərbi təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayır.
News24.az xəbər verir ki, şirkət Fransa Silahlanma üzrə Baş İdarəsi (DGA) ilə ordu üçün dronların istehsalını nəzərdə tutan müqavilə imzalayıb.
Məlumata görə, dronların yığılması “Renault”un Le-Man şəhərindəki zavodunda, mühərriklərin istehsalı isə Normandiyanın Kloen şəhərində yerləşən müəssisədə həyata keçiriləcək. Layihə müdafiə sənayesi üzrə fəaliyyət göstərən “Turgis & Gaillard” şirkəti ilə birgə icra olunacaq.
Söhbət “Chorus” adlı dronlardan gedir. Bunlar uzaqmənzilli, məsafədən idarə olunan döyüş sursatları olmaqla yanaşı, kəşfiyyat və müşahidə məqsədləri üçün də istifadə edilə bilər. İstehsal gücü ayda 600-ə qədər dron buraxmağa imkan verir.
“L’Usine Nouvelle” jurnalının yazdığına görə, bu müqavilə “Renault”a 10 il ərzində təxminən 1 milyard avro gəlir gətirə bilər.