"iPhone" işlədənlər təhlükədə - Sizi kamera ilə izləyə, səsinizi dinləyə bilərlər
Maraqlı
“Apple” smartfonları üçün gizli şəkildə fəaliyyət göstərə bilən zərərli proqram təminatı (virus) hazırlanıb.
News24.az xəbər verir ki, “Predator” adlanan virus “Jamf Threat Labs” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilib.
Onların sözlərinə görə, proqram iOS sistemi zədələnmiş cihazlarda gizli şəkildə işə düşə bilir. Zərərli proqram smartfon sahibini kamera və mikrofon vasitəsilə izləmək üçün yaradılıb.
iOS əməliyyat sistemində izləməyə qarşı qoruma mövcuddur. Məsələn, hər hansı proqram, “iPhone”a daxili quraşdırılmış tətbiq belə kamera və ya mikrofona müraciət etdikdə, ekranda müvafiq olaraq yaşıl və narıncı nöqtələr görünür.
“Predator”un yaradıcıları isə bu müdafiəni aşmağı bacarıblar ki, bu da indiyədək heç bir virus üçün mümkün olmayıb.
Məqalədə qeyd olunub ki, virusu aşkar etmək olduqca çətindir. Bunu yalnız dolayı əlamətlər əsasında müəyyən etmək mümkündür.
Hətta cihazın yoluxduğundan şübhələnən mütəxəssis belə, hücum faktını təsdiqləmək üçün “iPhone”un prosessor və yaddaş yükünü yoxlamalı olacaq.