“Nihilist Pinqvin”i nə gözləyir? - Hamını düşündürən görüntü
Maraqlı
Son günlər sosial şəbəkə platformalarında 19 il əvvəl lentə alınmış "Encounters at the End of the World" sənədli filmindən bir hissə yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, görüntülərdə "Adelie" növünə aid bir pinqvinin koloniyadan ayrılaraq təkbaşına buzlu dağlara doğru hərəkət etməsi əks olunur. Video sosial mediada “Nihilist Pinqvin” (Nihilist Penguin) adı ilə yayılaraq geniş müzakirələrə səbəb olub.
Kadrlara milyonlarla istifadəçi reaksiya verib və görüntülər həyatın mənası, yalnızlıq və tükənmişlik (burnout) kimi mövzular ətrafında müxtəlif şərhlərlə müşayiət olunub. Mütəxəssislərin fikrincə isə pinqvinin koloniyadan uzaqlaşaraq qida və təhlükəsizlik baxımından əlverişsiz ərazilərə yönəlməsi onun həyatı üçün ciddi risklər yaradır. Bu səbəbdən sözügedən davranış sosial mediada simvolik şəkildə “ölüm yürüşü” kimi dəyərləndirilir.
Qeyd olunur ki, pinqvinlər adətən təhlükəsizlik və çoxalma məqsədilə koloniyalar şəklində yaşayırlar. Bununla belə, müəyyən hallarda koloniyanı tərk etmələri müşahidə olunur. Qida ehtiyatlarının azalması zamanı pinqvinlər daha uzaq ərazilərə üzərək yeni qidalanma sahələri axtarırlar. Eyni zamanda cütləşmə və bala böyütmə mövsümü başa çatdıqdan sonra koloniyaların dağılması təbii proses hesab olunur.
Mütəxəssislər bildirirlər ki, tükdəyişmə dövründən sonra yeni qidalanma zonalarına köç, iqlim və buz şəraitindəki dəyişikliklər, eləcə də yırtıcılar və insan fəaliyyəti pinqvinlərin koloniyadan ayrılmasına təsir göstərən əsas amillər sırasındadır.
Koloniyadan ayrılan pinqvinin yaşamaq şansı isə xeyli azalır. Belə vəziyyətlərdə o, qida çatışmazlığı ilə üzləşə, uzun məsafələrdə istiqamətini itirə və sərt hava şəraitinə qarşı müdafiəsiz qala bilər. Koloniyadan uzaqlaşan fərdlər yırtıcılar üçün də daha asan hədəfə çevrilir. Xüsusilə Adelie pinqvinləri üçün dənizə çıxışın itirilməsi aclıq və tükənmə riskini artırır.
Nəticə etibarilə, alimlərin qənaətinə görə, koloniyadan kənar hərəkət pinqvinlər üçün “yüksək riskli davranış” kimi qiymətləndirilir və çox vaxt ölümlə nəticələnə bilir.