102 yaşlı həkimin - UZUN ÖMÜR SİRRİ
Sağlamlıq
Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən yaşlı aktiv həkimi, 102 yaşlı doktor Hovard Taker bu gün də tibb tələbələrinə dərs deyir, yeni texnologiyaları öyrənməkdən heç vaxt əl çəkmir və həyata olan marağı heç vaxt itirmir.
News24.az dünyanın ən yaşlı həkiminin uzun ömür sirrlərini təqdim edir:
1. "TƏQAÜD UZUN ÖMRÜN DÜŞMƏNİDİR"
Doktor Taker heç vaxt təqaüdə çıxmağı düşünməyib. Onun fikrincə, insanı yaşadan maaş yox, səhər oyanmaq üçün səbəbdir. "Təqaüd uzunömürlülüyün düşmənidir" deyən Dr.Taker həyatın mənasını istehsal etməkdə və töhfə verməkdə tapır.
Elm də onu dəstəkləyir. Sağlamlıq Psixologiyası jurnalında dərc edilən 2016-cı il araşdırması, həyatda məqsədyönlülük hissi olan şəxslərin daha uzun yaşadığını ortaya qoyur.
2. Öyrənməyi heç vaxt dayandırmayın
Doktor Taker 90 yaşından sonra da yeni texnologiyalarla ayaqlaşır, hətta nəvəsinin köməyi ilə TikTok-dan istifadə edir. O etiraf edir ki, yeni şeylər öyrənmək çətinləşib, amma təslim olmur.
“Bu dünyada qalmaq istəsəm bunu edəcəm” deyir və marağı sayəsində ağlını iti saxlayır. Onun fikrincə, dəyişiklikdən qorxmaq əvəzinə, marağı tərbiyə etmək lazımdır.
3. MEHRİBAN OLMAQ
Onun uzun ömür sürməsinin sirri nə ekzotik əlavələr, nə də sərt pəhrizlərdir. Doktor Takerin resepti daha sadədir: "Mehriban olun. Xoşbəxt olun. Siqaret çəkməyin. Nifrət etməyin".
Onun sevgi dolu evliliyi, uşaqları və nəvələri ilə olan bağları əsl sağlamlıq qaynağıdır. “İşdə və evdə xoşbəxtlik hər şeydir” deyən həkim, emosional sağlamlığın fiziki sağlamlıqdan ayrı hesab edilə bilməyəcəyini vurğulayır.
4. Yumor və hərəkət
80-ci illərdə xizək sürərkən boynunu sındırıb və 100 illik yubileyində COVID-ə yoluxub. Həkim hər iki problemdən də təbəssümlə qurtulub. Onun yumor hissi yerindədir, hələ də qar ayaqqabısı ilə gəzir və evinin idman zalında məşq edir. Onun üçün xoşbəxtlik əzələ kimidir, hər gün işləmək lazımdır.
"Yaşamaq öləcəyinizi bilməkdir... və mən belə yaşayıram"
Doktor Taker qocalmağa deyil, yaşamağa əhəmiyyət verir. Onun həyat haqqında sadə, lakin güclü müşahidələri təkcə səhiyyə mütəxəssislərini deyil, hamımızı ruhlandırır. Onun hekayəti göstərir ki, insan öz ruhunu yaşatdıqca bədəni təslim olmayacaq.
Günel Məlikzadə