Oruc zamanı yorğunluğu azaltmağın yolları - Mütəxəssis açıqladı
Sağlamlıq
“Oruc tutarkən imsak və iftar arasındakı uzun müddət ərzində enerji səviyyəsinin stabil saxlanılması əsasən düzgün qida seçimi və metabolik tarazlığın qorunmasından asılıdır”.
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, elmi tədqiqatlar göstərir ki, kompleks karbohidratlar, yüksək keyfiyyətli zülallar və sağlam yağlar qanda qlükoza səviyyəsinin daha stabil qalmasına kömək edir və uzunmüddətli toxluq hissi yaradır:
“İmsak zamanı tam taxıl məhsulları, yulaf, qara çörək, kəpəkli taxıllar, yumurta, qatıq, pendir, qoz‑fındıq və zeytun kimi qidalar tövsiyə olunur. Çünki bu məhsulların glisemik indeksi aşağıdır və enerji tədricən sərbəst buraxılır. Eyni zamanda kifayət qədər maye qəbulu çox vacibdir, çünki susuzlaşma yorğunluq, baş ağrısı və diqqətin azalmasına səbəb ola bilər”.
Mütəxəssis-ekspert bildirib ki, iftar zamanı isə ani olaraq çox miqdarda sadə şəkər və ağır yağlı qidaların qəbulu qanda qlükozanın sürətlə yüksəlməsinə və daha sonra sürətlə düşməsinə səbəb olaraq halsızlıq yarada bilər:
“Buna görə iftarı su, xurma və ya yüngül şorba ilə başlamaq, sonra isə balanslaşdırılmış şəkildə zülal mənbələri (balıq, toyuq, paxlalılar), kompleks karbohidratlar və tərəvəzlərlə davam etmək metabolik sabitliyi qorumağa kömək edir. Bundan əlavə, liflə zəngin qidalar həzm prosesini tənzimləyir və bağırsaq fəaliyyətini yaxşılaşdırır”.
Mütəxəssis həmçinin qeyd edib ki, orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal reflüks riski artır.
Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdən sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına səbəb ola bilər:
"Bu, yanma hissi, diskomfort və həzm pozğunluqları ilə nəticələnə bilər. Bundan əlavə, həzm prosesinin effektiv getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir və yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti mədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan sınaqlar sübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər yüksəlməsini yarıya qədər azalda bilir”.
E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaq üçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zəngin qidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhal sonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektiv strategiyalar hesab olunur:
“Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzində fiziki və zehni performansın optimal səviyyədə qalmasına imkan verir”.