8 kəndin azad edilməsi planı: - "Azərbəycanın xeyrinə həll olunacaq"
Siyasət
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı Ermənistan işğalında qalan 8 kəndin (Qazaxın 7 kəndi və Kərki) taleyi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Dövlət başçısı xüsusilə anklavların qaytarılmasının vacibliyinə toxundu. Və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır.
Rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı nədən ibarətdir?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev News24.az-danışıb.

O bildirib ki, ermənilər cidd-cəhdlə əraziləri anklav adlandırmağa çalışırlar.
"Dövlət başçısının müsahibəsində qeyd etdiyi ən mühüm məqamlardan da biri delimitasiya və sülh müqaviləsinin imzalanması və Ermənistanın sülh sazişinin imzalanmasında problem kimi qabartdığı anklavlarla bağlıdır. Məlumdur ki, söhbət Qazaxın 7 kəndi və Naxçıvanın Kərkik kəndindən gedir. Bu kontekstdə ermənilər cidd-cəhdlə çalışır ki, sözügedən ərazilərin çox hissəsini anklav adlandırsınlar. 7 kəndin 4-ü birmənalı olaraq anklav deyil, qeyd-şərtsiz Azərbaycan ərazisidir. Anklavlar dedikdə də vaxtilə müxtəlif xəritələrə istinad etmələrinə baxmayaraq örüş sahəsi kimi verilmiş ərazilərdir. Digərləri isə daha sonralar ermənilər tərəfindən özününkiləşdirilib. Bunlar isə problem yaradan məsələlərdir. Bir neçə kəndlə bağlı, əgər bunlar doğrudan da anklav sayılırsa, orada da ayrı-ayrı komissiyaların yaradılması və bu istiqamətdə addımların atılması mümkündür".
O qeyd edib ki, bu məsələlər müvafiq sənədlərə əsaslanmalı və həll edilməlidir.
" Digər bir məsələ isə qoşunların güzgüvari şəkildə çəkilməsidir. Əgər orada sərhəd və hər hansı markerovka yoxdursa hansı çəkilmələrdən söhbət gedə bilər? Əsas yüksəkliklər bütün xəritələrə uyğun olaraq Azərbaycanın ərazisidir. Onların məramı, məqsədi qoşunlar çəkildiyi zaman yüksəkliklərin boş qalmasından ibarətdir. Bu, onlar tərəfindən irəli sürülən qeyri-ciddi təkliflərdir. Delimitasiya komissiyası işləyəcək, qərarlar qəbul ediləcək. Azərbaycanın öz daxili və xarici siyasəti var. İstər xronoloji cəhətdən xəritələrlə, istərsə də digər ərazilərlə bağlı ölkəmizin xeyrinə həll olunacaq"- deyə o, fikrini yekunlaşdırıb.
Politoloq Elxan Şahinoğlu hesab edir ki, iki kənd Azərbaycana qaytarılmalı, digər kəndlərlə bağlı danışıqlar davam etməlidir.

"Hər iki tərəf sərhəd komissiyasını formalaşdırıb. Lakin bu, qısa müddətdə həll ediləcək bir məsələ də deyil. Dövlət başçısı da bu xüsusa işarə etdi. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması sülh sazişinin xaricində qalacaq. Önəmli olan sülh müqaviləsinin imzalanmasıdır. Anklavlarla bağlı danışıqlar bir müddət davam edəcək".
Ayşən