Ankaranı vuran FETÖ-çuların məhvi - Türkiyə xain planı necə iflasa uğratdı?
15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günüdür. 7 il bundan əvvəl hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.
Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyatda olan general-mayor Kürşat Atılqan News24.az-a bildirib ki, Fətullah Gülən və onun tərəfdarlarının hazırladığı dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa etdi:
“Bu gün Türk millətinin başına bəla olan xaricdən dəstəklənən casus təşkilatının xalqın yüksəlişi və mübarizəsi ilə aradan qaldırıldığı gündür. FETÖ 1970-ci ildən dini pərdə altında fəaliyyət göstərən nurçu bir təşkilatdır. O dini pərdəyə bürünərək dindar və səmimi müsəlman türk xalqının dəstəyi və köməyindən öz gizli məqsədləri üçün istifadə edilərək təşkil edilib. Ölkədəki sağ və sol iqtidarın himayə etdiyi bu təşkilat 1990-cı ildən sonra hökumətdə bəzi postları ələ keçirməyə başlayıb. 2002-ci ildə AK Partiyanın hakimiyyətə gəlməsi ilə 2010-cu ilə qədər çox kritik postları tutdu. “One minute” insidentdən sonra yavaş-yavaş onların qarşısına keçməyə başladılar. Çünki MKİ və ABŞ bu tarixdən sonra Rəcəb Tayyib Ərdoğanı devirmək qərarına gəldilər. Bu planın yerli aləti kimi FETÖ-dan istifadə olunub. FETÖ-çu prokurorlar əvvəlcə Ərdoğan əməliyyata gedərkən müşaviri sorğu-sual etmək, daha sonra 17-25 dekabr hadisələri ilə hökuməti devirmək istəyiblər. 17-25 dekabr 2011-ci il tarixlərində Fətullah Gülən şəbəkəsi Ərdoğan və ailəsinə qarşı sivil çevriliş etməyə cəhd etdi, lakin bacara bilmədi və onun bu cəhdi iflasa uğradı”.

Kürşat Atılqan qeyd edib ki, bu hadisələrdən sonra hökumətlə FETÖ arasında mübarizə getdikcə daha da artıb: “İyulun 15-də FETÖ-çu generalların dəstəyi ilə Türkiyə Silahlı Qüvvələrində qiyam başladı. Həmin gün bir qrup hərbçi prezident Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən salmağa cəhd etdi, Ankara və İstanbulda dövlət idarələrini, körpüləri ələ keçirməyə çalışdı. Həmin gecə Türkiyə Silahlı Qüvvələri daxilində mübarizə səhərə qədər davam etdi və FETÖ-çular məğlub oldular. Ərdoğanın tərəfdarları küçələrə axışandan sonra qarşıdurmada 250-dən çox adam ölmüşdü. Bu tarixdən sonra ölkədə FETÖ-çu quruluş sürətlə ləğv edilməyə başlandı, minlərlə hərbi qulluqçu ordudan qovuldu, çevrilişə cəhd edən, kömək və təhrik edənlər cəzalandırıldı”.
General əlavə edib ki, çevriliş cəhdinin əsas səbəblərindən biri həm də ABŞ-ın Suriya siyasəti və şimalda yaratmağa çalışdıqları terror dövləti planıdır: “ABŞ bu cəhdlə zəiflədiklərini düşündükləri Türkiyə Silahlı Qüvvələrinin “Zeytun Budağı” və “Fərat Qalxanı” əməliyyatları ilə Suriyada yaratmağa çalışdığı terror dövlətinə imkan verməyəcəyini göstərdi. Bu mübarizə hələ də davam edir. Silahlı qüvvələrimiz o vaxtdan bəri daha da güclənib. Təkcə Türkiyənin deyil, türklüyün qarantı və çəkindirici gücünə çevrilib. Biz bu dövrdə türk birliyinin müsbət layihələrini addım-addım həyata keçirməli, türklüyü layiq olduğu yerə çatdırmalıyıq”.
Akqabay Mıradov