"Fransanın Azərbaycana qarşı təxribatı həyata keçmədi" - DEPUTATDAN ŞƏRH
Siyasət
“Ceyhun Bayramov ötən gün öz parlaq çıxışı, peşəkar davranması və təqdim etdiyi real faktlarla dinləmələrə öz möhürünü vurdu. BMT TŞ-nin iclası yenə də ölkəmiz əleyhinə heç bir qərar və ya qətnamə olmadan başa çatdı”.
News24.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə ötən gün BMT Təhlükəsizlik Şurasında keçirilən iclasın nəticələrini şərh edərkən deyib.
O bildirib ki, bunu Azərbaycan dövlətçiliyinin müsbət nəticəsi hesab etmək olar.
“Bu gün güclü dövlətimiz, dövlətin keşiyində duran güclü ordumuz var. Eyni zamanda bu gün Azərbaycan reallıqlarını bütün dünyaya çatdıran, maraqlarını uğurla müdafiə edən diplomatlar korpusumuz var.
Ötən gün Ceyhun Bayramovun Təhlükəsizlik Şurasında təqdim etdiyi faktlar və arqumentlər onu göstərir ki, bu gün dünya birliyində Azərbaycan nüfuzlu, güclü, maraqlarını müdafiə edə bilən insanları ilə güclüdür.
Bütün bunların nəticəsidir ki, Fransanın Azərbaycana qarşı törətmək istədiyi təxribat həyata keçmədi. Və bu, baş tutmayacaq. Ona görə ki, dünya Azərbaycanı sivil, tərəfdaşlıqda sədaqətli və başqa dövlətlərə problem yaratmayan dövlət kimi tanıyır.
Hər dəfə bizim sözümüzü bizsiz də böyük auditoriyada deyən ölkələr var. Hesab edirəm ki, anti-Azərbaycan qüvvələri ölkəmizin bu gücü iə hesablaşmalıdırlar”.
Ayşən