Laçın yolu məsələsi BMT-də qaldırılacaq? – - “Heç kim bizi məcbur edə bilməz...”

Laçın yolu məsələsi BMT-də qaldırılacaq? – - “Heç kim bizi məcbur edə bilməz...” Siyasət
Lordlar Palatasının üzvü  Lord Alton Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin bağlanması məsələsini qaldırmalı olduğunu deyib.

Politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı fikirlərini News24.az-la bölüşdü. 

Onun sözlərinə görə, Azərbaycanın tam haqqı çatır ki, istənilən yük və maşın karvanını göstərdiyi məntəqədən ölkə ərazisinə daxil etsin:

"Laçın yolunun bu şəkildə istifadəsini istəmiriksə, heç kimi bizi məcbur edə bilməz. Doğrudur, Azərbaycanın əleyhinə müəyyən açıqlamalar səslənir. Lakin alternativ yollar da təklif etmişik. Laçın yolu ilə bağlı məsələnin BMT-də müzakirəyə çıxarılacağını düşünmürəm. Erməni seperatçılarına dəstək verən Fransa bu məsələni gündəmə gətirməyə çalışa bilər. BMT Təhlükəsizlik Şurasında bizim də dostlarımız var. Bu məsələ müzakirəyə çıxarılsa, onlar da sözlərini deyəcək”.

Politoloq onu da əlavə etdi ki, hələki bu məsələ ilə bağlı Azərbaycana böyük təzyiqlər edilmir:

“Təzyiq ola da bilməz. Çünki bizim hüququmuzdur ki, istənilən məntəqədən keçidi göstərək. Əgər istifadə etmirlərsə, bu, onların problemidir. Yüklər, sənədlər ilişib qalıbsa, iki variant var. Ya yüklər geri qayıtmalıdır, ya da TIR-lar bizim göstərdiyimiz marşrutla hərəkət etməlidir. Biz bu məsələni də qaldırmalyıq ki, başqa ölkə niyə Azərbaycan ərazisindən yük daşıyır? Qarabağ erməniləri qanunlarımızı qəbul etsə, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.