"Bu həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir"

"Bu həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir" Siyasət

“Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bu, reallıqdır və biz bunu praktikada görür və hiss edirik”.

News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci sessiyası çərçivəsində keçirilən “Liderliyin qovşağında” adlı müzakirə zamanı deyib.

“Sülh ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə 8 avqustda Vaşinqtonda keçirilən sammit nəticəsində əldə olunub. Mən bir daha Prezident Trampa təşəkkürümü bildirmək istəyirəm, çünki, əlbəttə, biz sülh gündəliyi üzərində işləyirdik, lakin onun şəxsi iştirakı olmasaydı, indiki nailiyyətlərə çatacağımıza inanmıram.

Bilirsiniz ki, ABŞ-nin paytaxtı Vaşinqtonda biz Azərbaycan Prezidenti ilə birlikdə sülh bəyannaməsi imzaladıq və Prezident Tramp onu şahid kimi imzaladı. Xarici işlər nazirlərimiz ABŞ prezidenti, Azərbaycan prezidenti və mənim iştirakımla Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini parafladılar. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, ümumilikdə bölgəmizdə də tarixi dəyişiklikdir. Çünki ilk dəfə olaraq Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə keçmək, təkcə sülh deyil, həm də firavan bir region qurmaq üçün real imkan yaranıb. Xüsusilə də Vaşinqtonda qəbul edilən sülh bəyannaməsində ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan regional əlaqəlilik maddəsi yer alıb”, – deyə Paşinyan bildirib.

Paşinyan onu da qeyd edib ki, Ermənistan və ABŞ ikitərəfli əsasda “Tramp Yolu” adlı proqramı Ermənistan Respublikasının ərazisində həyata keçirəcəklər:

“Bu, Ermənistan və ABŞ arasında ikitərəfli proqramdır, lakin onun Azərbaycanla əlaqəsi birinci dərəcəli əhəmiyyət kəsb edir, çünki bizə Şərqdən Qərbə çıxış lazımdır. Bu həm Ermənistan, həm də Azərbaycan üçün vacibdir, çünki bu halda biz bir-birimizlə əlaqə kanalları vasitəsilə çıxış əldə etməliyik".

"Biz ABŞ ilə fəal işləyirik və burada çox vacib bir məqam var. Regional qarşılıqlı fəaliyyət bizim anlayışımıza görə o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün istifadə edə biləcək. Bu isə o deməkdir ki, bizim ərazimizdən beynəlxalq tranzit üçün yeni marşrut açılacaq. Hazırda dünyada təchizat zəncirlərində müşahidə olunan böhranı nəzərə alsaq, bu, beynəlxalq ticarət baxımından vəziyyəti dəyişə və bölgəmizdə də yeni reallıqlar yarada bilər”, – deyə Paşinyan vurğulayıb.