"Əgər Ermənistan razılıq verməsə, yol İrandan keçəcək" - Ərdoğandan XƏBƏRDARLIQ
Siyasət
“Naxçıvan və Azərbaycanın digər bölgələri ilə quru və dəmir yolu xətləri ilə birbaşa əlaqələrin qurulması əlaqələrimizi daha da gücləndirəcək. Bu səbəbdən dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik”.
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan üçün çox vacib olan bu dəhlizin reallaşması strateji məsələdir və tamamlanmalıdır: “Dəhliz açıldıqda Bakıdan çıxan nəqliyyat vasitəsi və ya qatar birbaşa Qarsa gələ biləcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da möhkəmlənəcək. Bu məsələdə İrandan müsbət siqnallar görmək sevindiricidir”.
Türkiyə lideri Zəngəzur dəhlizinə birləşdirilən Turan Yolu Layihəsindən də danışıb: “Bizim istəyimiz bu yerləri sülh dəhlizinə çevirərək açmaqdır. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur, həm də Laçın dəhlizlərini sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistanın Naxçıvanından keçərək Azərbaycana gedəcək. Ermənistandan keçməsi məsələsinə gəlincə, Ermənistan bu məsələnin önünü açmasa, haradan keçəcək? İrandan keçəcək. İran hazırda buna müsbət baxır və müsbət baxdığı üçün indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq”.
Ərdoğan bu səfərin bir daha Türkiyə-Azərbaycan qardaşlığının, iki dövlət, bir millət ruhunun bütün dünyaya bəyanı olduğunu söyləyib: “Biz bunu BMT-nin kürsüsündə, Azərbaycanın doğma yurdu Şuşada elan etdiyimiz kimi, hər yerdə həm sözümüzlə, həm də əməlimizlə nümayiş etdirmişik. Biz iki dövlətik, amma taleyi də, idealı da bir millətik”.
Akqabay