“Ermənilərin Qarabağın idarəetməsində iştirakı normaldır” - POLİTOLOQ

“Ermənilərin Qarabağın idarəetməsində iştirakı normaldır” - POLİTOLOQ Siyasət
Prezident İlham Əliyev “Avronyus” (Euronews) telekanalına müsahibəsində Qarabağdakı erməni əhalisinə müraciət edib. Dövlət başçısı Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərə təhsil, mədəniyyət və dini hüquqlar veriləcəyini qeyd deyib. Həmçinin, onların təhlükəsizliklərinin təmin olunacağını vurğulayıb.

Ölkə başçısı onu da əlavə edib ki, ermənilər yerli idarəetmə kimi bələdiyyələrdə də yer ala bilərlər.

Politoloq Natiq Miri
dövlət başçısının fikirlərini News24.az-a şərh edib.

O vurğulayıb ki, dövlət başçısının açıqlaması çox normaldır və hüquqi vəziyyəti özündə əks etdirir: “Yerli özünüidarəetmə Azərbaycan Konstitusiyasında təsdiq olunub və bununla bağl seçkilər keçirilir. Özünüidarəetmə prosesində milliyətindən asılı olmayaraq, istənilən bir vətəndaşın iştirak etmək hüququ var. Ona görə də düşünürəm ki, cəmiyyətimiz bunu normal qəbul etməlidir. Heç bir milli azlığın əlindən hüquq və təhlükəsizlik təminatını almaq olmaz. Xankəndi və digər ərazilərdə bələdiyyələr mövcud olacaq. Ermənilərin yaşadığı əksər kəndlərdə bələdiyyə idarəetməsinin başında ermənilər duracaq. Azərbaycanlılar orada erməniləri idarə etməyəcək. Burada söhbət yerli idarəetmədən gedir. Ancaq əlbəttə ki, dövlət idarəetməsi Azərbaycan dövlətinin əlində olacaq”.