"Ermənilərlə birgəyaşayış o halda mümkündür ki..." - İcma rəhbəri

"Ermənilərlə birgəyaşayış o halda mümkündür ki..." - İcma rəhbəri Siyasət
Hazırda Azərbaycanla Ermənistan arasında üçtərəfli birgə komissiya səviyyəsində istər sərhəd məsələləri, istərsə də münasibətlərin normallaşması üzrə danşıqlar aparılır. 

Analoji müzakirələrin istiqamətlərindən biri də Qarabağın erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyasıdır. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur. 

Məsələnin məğzi ondan ibarətdir ki, Qarabağın erməni icması ölkəmizin vətəndaşlığını qəbul edərək, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət, ərazi iddialarından birdəfəlik imtina və cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq və separatçı meyllərdən imtina edəcək. 

İkinci bir istiqamət isə vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın tarixi torpaqlarına qaytarılması, habelə onların hüquqlarının bərpası elementlərini nəzərdə tutur. 

Təbii ki, bu məsələdə Qərbi Azərbaycan İcmasının da həyata keçirəcəyi fəaliyyət maraq doğurmaya bilməz. 

Buradan bir haşiyə çıxaraq qeyd edək ki, vaxtilə xalqımıza qarşı misilsiz faciələr törətmiş, son 35 ildə isə vəhşiliklərini həddini aşan silahlıların əməllərinə baxmayaraq, Azərbaycanın hüdudları daxilində yaşayan dinc erməni sakinlərin bütün hüquq və azadlıqlarının tanınacağına rəsmən təminat verilib. 

Bu kimi humanist addımlara rəğmən son 35 ildə vəhşiliklərinin həddini aşmış erməni terrorçu şəbəkəsinin nümayəndələri çirkin niyyətlərindən əl çəkmək fikirində deyillər. 


Milli Məclisin üzvü, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli News24.az-a açıqlamasında bildirdi ki, Qarabağda yaşayan ermənilər onlara verilən fürsətdən yararlanmalı, onlara müvəqqəti başçılıq edənlər isə separatçılıq niyyətindən əl çəkməlidir. Onlarla dinc birgəyaşayış yalnız bu halda mümkündür:

Ə. Ələkbərli xatırlatdı ki, icma 2023-cü ilin yanvarında Qərbi Azərbaycana qayıdış konsepsiyasını ictimaiyyətə təqdim edib:

"Ermənilər anlamırlar ki,  Azərbaycan tərəfi bu humanist niyyətindən imtina etsə,  onda həm bu qəbildən olan insanların, həm də Ermənistanın bölgədəki vəziyyəti ağırlaşacaq. Yaxşı olar ki, bu barədə ciddi düşünsünlər. Bölgədə yarana biləcək hər hansı situasiya icmanın məqsədlərində koordinal dəyişikliyə səbəb olmayacaq. O ki qaldı hazırladığımız konseptual sənədə, orada tarixi torpaqlarımıza qayıdışımızın bütün şərt və yolları  təsbit olunub. İstənilən tarixi situasiyada bu konsepsiyanın addım-addım həyata keçirilməsini təmin edəcəyik. Artıq bu yolun geriyə dönüşü yoxdur. Qərbi Azərbaycandan deportasiya olunan şəxslərin  öz ata-baba yurdlarına dönmək, habelə orada yaşamaq kimi beynəlxalq hüquqa söykənən təməl hüquqları təmin olunmalıdır". 

Həmsöhbətimizin fikrincə, bu, ermənilərin seçə biləcəyi ən optimal yoldur və onun geri dönüşü yoxdur. 


Fərid Azəri