Ermənistanla Türkiyə sərhədinin açılması üçün ciddi maneələr yoxdur
Siyasət
“Hazırda Ermənistanla Türkiyə arasında sərhədin açılması və diplomatik münasibətlərin qurulması üçün ciddi maneələr yoxdur”.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci sessiyasında çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, Ermənistan və Türkiyə arasında artıq pozitiv dialoq formalaşıb və münasibətlərin normallaşması prosesi ardıcıl şəkildə inkişaf edir.
“Mən düşünürəm ki, bu baş verəcək, amma bunun nə qədər tez olacağı başqa məsələdir. Biz o mərhələyə yaxınlaşırıq ki, tamhüquqlu diplomatik münasibətlər, açıq sərhədlər, iqtisadi və siyasi əməkdaşlıq qurulacaq və biz normal qonşulara çevriləcəyik”, – deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı qeyd edib ki, münasibətlərin qurulması və sərhədin açılması sadəcə zaman məsələsidir.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında 1991-ci ildən diplomatik münasibətlər yoxdur. Ölkələr arasında dövlət sərhədi isə 1993-cü ildə Ankaranın təşəbbüsü ilə bağlanıb.
2021-ci ilin dekabrında tərəflər münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr təyin ediblər. 2022-ci il martın 12-də Antaliya Diplomatik Forumu çərçivəsində iki ölkənin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutan prosesi ilkin şərtlər olmadan davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
2024-cü ilin sentyabrında Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı “Türk evi”ndə görüşərək normallaşma prosesini davam etdirmək, ona yeni təkan vermək niyyətlərini bir daha təsdiqləyiblər.
Daha sonra Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistana səfər edib və sərhəddəki “Marqar” keçid məntəqəsində Ermənistanın xüsusi nümayəndəsi, parlamentin sədr müavini Ruben Rubinyanla görüşüb.
Altıncı görüş zamanı nümayəndələr normallaşma ilə bağlı əsas məsələləri, o cümlədən sərhəddən keçidin təşkili üzrə daha əvvəl əldə edilmiş razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsini müzakirə ediblər.