Fransa Ermənistana qoşun yerləşdirir - Rusiya hərbçilərindən İMTİNA EDƏCƏK
Siyasət
“Bu razılaşma (Fransanın Ermənistana silah tədarükü – red.) tamamilə antirusiya və antiazərbaycan xarakteri daşıyır. Eyni zamanda Nikol Paşinyanın Moskva ilə münasibətlərin məhdudlaşdırılması və tədricən kəsilməsi, KTMT-dən çıxması və Qərbin “təhlükəsizlik çətiri” altında gizlənməsi siyasətinin bir hissəsidir”.
News24.az xəbər verir ki, bunu Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko “Moskva-Bakı”-ya müsahibəsində deyib.
Ekspert bildirib ki, Parisin əsas strateji tərəfdaş kimi seçilməsi artıq İrəvanın siyasətinin əsas istiqamətidir: “Ermənistan rəhbərliyi Fransaya təkcə İrəvana siyasi dəstək verən ölkə kimi deyil, həm də respublikanın hərbi potensialının gücləndirilməsinə mühüm töhfə verəcək tərəfdaş kimi ümid edir. İrəvan artıq açıq şəkildə bəyan edib ki, Fransada Rusiya əvəzinə təhlükəsizlik tərəfdaşı tapıb. Görünən odur ki, Ermənistan və Fransanın müdafiə nazirləri arasında silah tədarükü ilə bağlı saziş imzalandıqdan sonra müqavilələr gələcək. Sual budur ki, bu təchizatların pulunu kim və hansı resurslardan ödəyəcək. Xarici hərbi yardım baxımından xəsisliyi ilə tanınan Fransanın öz büdcəsindən böyük silah tədarükü edəcəyini təsəvvür etməkdə çətinlik çəkirəm. Bu o deməkdir ki, Ermənistan öz büdcəsindən vəsait xərcləyəcək, ya da kredit ödəmə sxemi olacaq - Ermənistan hökuməti ya fransızlardan, ya da Avropa strukturlarından kredit götürəcək”.
Onun sözlərinə görə, gələcəkdə hazırlanmış qarşılıqlı fəaliyyət variantları əsasında lazımi şərait yaranan kimi Fransanın İrəvanda tammiqyaslı hərbi mövcudluğu yaradıla bilər: “KTMT çərçivəsində birgə hava hücumundan müdafiə sistemi mövcuddur. Ermənistanın NATO üzvü olan dövlətlə hərbi sahədə əməkdaşlığı müttəfiqlik əlaqələrinin kəsilməsi və Ermənistanın KTMT-nin bütün sazişlərindən çıxmasını nəzərdə tutur. Bu, gec-tez baş verəcək. Ermənistanın NATO silah standartlarına keçəcəyini anlamaq vacibdir. Bu o deməkdir ki, Ermənistan Rusiya silahlarının istifadəsinə əsaslanan əvvəlki bütün hərbi sistemdən imtina edəcək”.
İ. Korotçenko qeyd edib ki, regionda təhlükəsizliyi pozmağa cəhd edilir: “Fransa təkcə Ermənistana hərbi dəstək verməkdə deyil, Paris regiona daxil olmaqda, burada hərbi komponentlərini yerləşdirməkdə və hərbi mövcudluğunu genişləndirməkdə maraqlıdır. Ən əsası isə odur ki, baş verənlər böyük geosiyasi oyunun elementidir. Aydın məsələdir ki, Fransa bir tərəfdən Rusiyaya qarşı, digər tərəfdən isə Türkiyə və Azərbaycana qarşı oynayır”.
Akqabay