İrəvan hücuma hazırlaşır: yaxın günlərdə daha genişmiqyaslı... – - Sərhəddə nə baş verir?

İrəvan hücuma hazırlaşır: yaxın günlərdə daha genişmiqyaslı... – - Sərhəddə nə baş verir? Siyasət
Ermənistan ordusu bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilib. Avropalı müşahidəçiləri də bölgədən təcili təxliyə ediblər. Hadisələr fonunda müdafiə naziri Suren Papikyanın son günlər Ermənistanın silahlandırılması fəaliyyətini genişləndirən Fransayı səfəri də diqqət çəkir.

Hərbi ekspert Ədalət Verdiyev News24.az-a açıqlamasında bildirib ki, Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirilməsi və avropalı müşahidəçilərin bölgədən təcili təxliyə edilməsi Ermənistanın Azərbaycana qarşı daha genişmiqyaslı təxribatlara əl atacağı və bu təxribatlar nəticəsində eskalasiyaya gedəcəyi ehtimalını irəli sürməyə əsas verir:

“Azərbaycan Laçın sərhəd-keçid məntəqəsini quraşdırdıqdan sonra Ermənistan həm şərti sərhədlərdə, həm də Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə təxribatları kifayət qədər intensivləşdirib. Son günlər baş verən proseslər də İrəvanın genişmiqyaslı təxribatlara başlayacağını deməyə əsas verir”. 



Ekspert bildirib ki, Fransa ilə Ermənistanın silah-sursat sahəsində müəyyən razılaşmalar əldə etməsi Parisin bölgədəki gərginliyi artırmaqda maraqlı olmasından xəbər verir: “Lakin bütün bu təchizatlar Azərbaycanla Ermənistan arasında mövcud olan güc balansını dəyişməyə imkan verməyəcək. Ordumuz istənilən düşmən təxribatlarının qarşısını almaq üçün zəruri olan bütün tədbirləri həyata keçirir. Bu tədbirlər arasında müşahidə sisteminin gücləndirilməsi, düşmənin bütün fəaliyyətlərinin kəşfiyyatının aparılması var. Ümumilikdə, Azərbaycan Ordusu baş verə biləcək istənilən təxribatın Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracaq addımlar atmaq üçün bütün hazırlıqlarını həyata keçirməkdədir”. 

Ə.Verdiyev qeyd edib ki, Ermənistan tərəfi yaxın günlərdə daha genişmiqyaslı təxribatlara əl atmaq üçün hazırlıqlarını tamamlamaq üzrədir. 

Akqabay Mıradov