"İranın ikili siyasəti gözlənilən idi" - Deputat
Siyasət
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Azərbaycanın Qarabağdakı qanunsuz silahlı dəstələrə qarşı keçirdiyi antiterror əməliyyatları ilə bağlı bildirib ki, İran Qarabağı Azərbaycan Respublikasının bir hissəsi kimi tanıyır və hesab edir ki, bu bölgənin məsələləri, o cümlədən əhalinin hüquq və təhlükəsizliyi bu çərçivədə həll edilməlidir.
Lakin İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri isə İran mediasına açıqlamasında Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etməyi İranın qırmızı xətti adlandırıb. Heydəri qeyd edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq addımlar atmaması daha yaxşıdır:“Lazım gəlsə, İran da belə bir halın qarşısını almaq üçün hərbi gücə əl atacaq”.
Bununla yanaşı, molla rejiminin ikili siyasəti media başlıqlarında və təqdimatlarında da nəzərə çarpır. Belə ki, İSNA dövlət agentliyi “Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayıb” başlıqlı məqalədə yazsa da, digər rəsmi media orqanı İRİB (“iribnews”) başlıqda Azərbaycanın Ermənistana “hücum” etdiyini bildirib.
Mövzu ilə bağlı News24.az-a danışan siyasi ekspert Məhsa Mehdili bildirib ki, İranın Azərbaycan və Qarabağ siyasəti açıqdır. İran üçün bölgədəki hər hansı geopolitik dəyişikliyə yer yoxdur.
“Və bu, qəbuledilməzdir. Bu ilk belə açıqlama deyil. Azərbaycan torpaqları işğaldan azad etdikdə, İran parlamentində az qala yas tutmuşdular ki, erməni qardaşları işğal etdikləri ərazilərdən qovulur. Lakin bu açıqlamalar heç bir əhəmiyyət daşımır, dəyərsizdir. Dəfələrlə sərhədə silah-sursat, hərbi texnika topladılar. Azərbaycanın qələbəsindən sonra İran siyasətinin sərtləşdirilməsinə səbəb odur ki, İran heç vaxt Qarabağ probleminin həll olunmasını istəməyib. Azərbaycan istər diplomatik sferada, istərsə də hərbi müstəvidə güclü addım atdı. Şəhriyar Heydərinin açıqlamasına gəldikdə isə, İkinci Qarabağ müharibəsindən sonra onlar dəfələrlə silah-sursatlarını çiyinlərinə alıb sərhədə gəldi. Ermənilər Azərbaycan ərazilərindən geri çəkildən sonra İran çox narahat oldu. Bu günə qədər Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistandan daha çox İran narahatlığını ifadə edib. Və bunu həm mətbuatda, həm rəsmi orqanlarında bəyan etməkdən çəkinmir. Bizim müxalif deyə tanıdığımız fars şovinistləri belə Zəngəzur dəhlizinin açılamasına qarşıdılar”.
Ekspert vurğulayıb ki, proseslər bir günlük nəticəyə uyğun dəyərləndirilməməldir: “Bu yaxınlarda Ermənistan ilə Amerikanın hərbi təlimləri baş tutdu. Ermənistan daha çox qərbyönümlü siyasət yürütməyə çalışır. Bununla birgə Rusiyanın artıq bölgədə qalmağını istəmir.İkinci Qarabağ müharibəsindən sonra İran Cənubi Qafqazda öz rolunu itirdi. İranın Azərbaycana qarşı mövqeyi cənubi azərbaycanlıların narazılığına səbəb oldu. Bu isə İranın daxilində məğlubiyyətlə nəticələndi”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, İranın ikili siyasət yürütməsi gözlənilən idi.
“İran Ermənistana bir köynək yaxın olduğu üçün hər ikisi də eyni dinə, eyni əxlaqa sahib olan xalqlar və dövlətlər olduğuna görə, Ermənistana dəstək verməsi gözləniləndir.İranın əvvəldən də düşüncəsi belə idi. İran Ermənistana bir köynək yaxın olduğu üçün hər ikisi də eyni dinə, eyni əxlaqa sahib olan xalqlar və dövlətlər olduğuna görə, Ermənistana dəstək verməsi gözləniləndir. Bizə əsas olan İranın rəsmi mövqeyidir, çünki Azərbaycan Ermənistanın ərazisində hər hansı axtarışa çıxmayıb. Qarabağ Azərbaycanın ərazisidir və Azərbaycan öz ərazisində istənilən aksiyanı həyata keçirə bilər. Kimsə də buna maneə ola bilməz. Bundan sonrakı məsələlər isə artıq təfərrüatdır. Hesab edirəm ki, prosesdə hər hansı problem görünmür. Çalışmalıyıq ki, məsələlər öz həllini tapsın. Biz İranla bu kontekstdə dialoqumuzu davam etdiririk”.
Ayşən Rəhim