Korotçenko: - “Ermənilər sərnişin təyyarələrini vurmaq istəyir, təcili hərəkətə keçin”

Korotçenko: - “Ermənilər sərnişin təyyarələrini vurmaq istəyir, təcili hərəkətə keçin” Siyasət
“Xankəndidə kütləvi toplantılar, mitinqlər, guya kütləvi aclıq, soyqırım şüarları ilə uşaqlardan siyasi məqsədlər üçün istifadə olunmasını görürük. Ancaq Xankəndindəki dəbdəbəli ziyafətlərin görüntüləri sosial şəbəkələrdə yayılır. Bu cür hərəkətlər sırf siyasi məqsədlər üçün həyata keçirilir”. 

News24.az xəbər verir ki, bu sözləri Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Moskva-Bakı vəziyyətini şərh edir.

O bildirib ki, bu, separatçılar arasında olan revanşistlərin, eləcə də xaricdəki diaspora revanşında maraqlı olan ermənipərəst lobbiçi qüvvələrin bir növ “yürüş” təşkil etmək istəyidir:

“Başa düşürlər ki, vaxt keçir, siyasi mövqeləri pisləşir, mövqelərini müdafiə etmək üçün ciddi arqumentlər yoxdur. Rəsmi Bakı onlara Azərbaycanın hüquqi məkanına uğurlu reinteqrasiya variantları təklif edir, sadə erməni sakinlərinin belə təklifləri qəbul etməsinə icazə verilmir. Qarabağın gələcəyinin əvvəlcədən müəyyənləşdiyini görüb, bütün beynəlxalq ictimaiyyətə tələblər, şərtlər, şikayət və ittihamlarla məktublar göndərirlər ki, beynəlxalq ictimaiyyət ermənilərin “qətlinə” göz yumur. Məqsəd Ermənistanla Azərbaycan arasında sülhün qarşısını almaqdır. Separatçıların Rusiya sülhməramlı kontingentinin rəhbərliyini şantaj etmək cəhdlərini görürük, hansısa ziddiyyətlər üzərində oynamağa çalışırlar”.

Politoloq qeyd edib ki, Moskva ilə Bakı arasında münasibətlərin əsasını Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə təşkil edir: “Obyektiv olaraq Azərbaycan Qarabağın qalan hissəsini öz nəzarətinə qaytara bilər. Amma Azərbaycan rəhbəri əla diplomat kimi vəziyyəti və belə bir addımın hansı nəticələrə gətirib çıxara biləcəyini mükəmməl başa düşür. Birincisi, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanat var ki, orada Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin şərtləri aydın şəkildə göstərilib. İkincisi, istənilən qərar qəbul edərkən hər şey hesablanmalıdır ki, dostluq münasibətlərimizə xələl gəlməsin. Həm Moskvada, həm də Bakıda məsuliyyətli anlaşma var. Amma təəssüf ki, o nə İrəvanda, nə də Qarabağın erməni separatçıları arasında yoxdur. Biz bilirik ki, İlham Əliyev nəsə vəd edibsə, bu, sözsüz həyata keçirilir. Hesab edirəm ki, bu, müxtəlif situasiyalara baxmayaraq, ölkələrimizin prezidentlərinin həmişə razılığa gəlməsinin vacib amillərindən biridir”.

Korotçenko təklif edib ki, bəzi çətin məqamları dərhal həll etmək üçün rəsmi kanallarla yanaşı, Moskva ilə Bakı arasında qarşılıqlı əlaqə üçün ayrıca ekspert kanalı olmalıdır: “Əslində, həm separatçıların, həm də Ermənistan hakimiyyətinin göstərməyə çalışdıqları hər şey Bakının inamlı, aydın, təfərrüatlı mövqeyi və arqumentləri fonunda davam edən xaotik siyasi bir-birinə zidd hərəkətlər toplusudur. Erməni müxalifətinin - Qarabağda separatizmi dəstəkləyən revanşistlərin başına gələnləri xatırlayırıq. Belə bir gündəm, müxalifətçilər nə qədər çalışsalar da, sadə, müharibədən yorulmuş əhali üçün əhəmiyyətsiz olduğu ortaya çıxdı. Tarixin lokomotivini geri çevirmək cəhdi heç kəs, o cümlədən revanşist olan və vəziyyətin sülh yolu ilə həllini istəməyənlər üçün mümkün olmayacaq”.

Siyasətçi əlavə edib ki, silahlı təxribatları yenə də müşahidə edəcəyik: “Qarabağın erməni icmasının nümayəndələrinin Azərbaycanın hüquqi məkanına reinteqrasiyası üçün ətraflı “yol xəritəsi” lazımdır. Qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmaması problemi qalmaqdadır. Separatçılar mütəmadi olaraq təxribat törətməyə çalışırlar - istehkamlar qururlar, Azərbaycan ordusunun mövqelərini atəşə tuturlar, silah daşıyırlar. Onlar üçtərəfli bəyanatla bağlı bütün razılaşmaları pozurlar. Bu isə narahatlığa səbəb olur”.

İ.Korotçenko vurğulayıb ki, Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin Füzuliyə uçan Azərbaycan mülki aviasiya təyyarələrinin bort sistemindəki radioelektron avadanlığına təsir göstərməsi ilə bağlı faktlar var:

"Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq olunur. Bu, çox təhlükəlidir. Belə ki, təxribat mülki sərnişin təyyarələrinə münasibətdə həyata keçirilir. Bu, terror aktına cəhd kimi qiymətləndirilə bilər. Yəni separatçıların yerləşdiyi ərazidən onlar əslində mülki təyyarələri vurmağa çalışırlar. Buna hüquqi qiymət verilməlidir. Rəsmi Moskva, Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyən bütün dövlətlər buna təcili sərt reaksiya göstərməlidir”.

Akqabay