Şoltsun açıqlaması İrəvana yaxşı cavab oldu - Politoloq

Şoltsun açıqlaması İrəvana yaxşı cavab oldu - Politoloq Siyasət
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, bu səfər çərçivəsində Prezident Frank-Valter Ştaynmayerlə, Kansler Olaf Şoltsla və sözügedən ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər, hər iki ölkənin rəhbərlərinin bəyanatları qənaətimə görə, son illər ərzində Azərbaycan-Almaniya münasibətlərində nəzərə çarpan mühüm bir hadisə, bəlkə də yeni bir mərhələ kimi qiymətləndirilə bilər.

Bunu News24.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.


Onun fikrincə, Prezident İlham Əliyevin Almaniyaya səfəri kifayət qədər uğurlu və nəticəyönümlü olub: 
 
"Həm Prezident Frank-Valter Ştaynmayerin, həm də Kansler Olaf Şoltsun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi gerçəkləşdirilən Brüssel formatını dəstəklədiklərini bəyan etmələri, hesab edirəm ki, Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində nəzərə çarpan ən önəmli məqamlardan biridir. Bu bəyanatların Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel prosesi ilə bağlı narazılığını dilə gətirdikdən sonra verilməsi isə, şübhəsiz ki, həm də rəsmi İrəvanın ənənəvi manipulyasiyalarına cavab kimi də qiymətləndirilə bilər".

E.Mirzəbəyli bildirib ki, səfər çərçivəsində nəzərə çarpan başqa bir önəmli faktor Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan etməsi, digər mühüm məqam isə Kansler Olaf Şoltsun ona verilən sualların qarşılığında daha öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirməsi, ölkəsinin Azərbaycan ərazilərindəki qondarma təsisatı tanımadığını, beynəlxalq hüququn prinsiplərindən çıxış etdiyini bildirməsidir:
 
"Səfərin Azərbaycanın Almaniya istiqamətində daha fəal siyasət yürüdəcəyinin mesajı, həmçinin qarşılıqlı əlaqlərin ən müxtəlif sahələrdə inkişaf etdiriləcəyinin anonsu kimi də dəyərləndirmək olar".

Nilay