Qarabağda vasitəçilər arasında kartlar dəyişir - Şərh

Qarabağda vasitəçilər arasında kartlar dəyişir - Şərh Siyasət
“Atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil, Rusiya olub”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Rusiyanın və Qərbin Azərbaycanla Ermənistan arasındakı danışıqlarda vasitəçiliyinə dair sualı cavablandırarkən deyib.

Siyasi şərhçi Orxan Amaşov dövlət başçısının fikirlərini News24.az-a şərh edib.


O bildirib ki, Azərbaycan dövlətinin Rusiyaya münasibətdə həyata keçirdiyi xətt həmişə çox ölçülü olub: “Bu münasibətdə Azərbaycanın milli maraqları əsas qayə olub. Dövlət başçısının ifadə etdiyi fikirlərə gəldikdə isə 10 noyabr 2020-ci il sənədində bir mediator var idi. O da təbii ki, Rusiyadır. Bu sənəd üçtərəfi imzalanıb. Həmin vaxtda nə Avropa İttifaqı, nə də ABŞ prosesdə aktiv iştirak etmək iqtidarında deyildi. Rusiyanın 2021-ci ildə meydanda əsas mediator oldu. O dövrdə müəyyən sənədlər imzalandı. Lakin sülh müqaviləsi istiqamətində irərliləyiş olmadı. Azərbaycan bunu anladı. Yavaş-yavaş meydana Brüssel daxil oldu. Dövlət başçısı çox açıq dedi ki, 2022-ci ilin fevralından sonra Rusiya diqqətini Ukraynaya fokusladı və Qarabağdakı məsuliyyətini itirməyə başladı. Cənab Prezident aydın formada vurğuladı ki, bizim üçün vasitəçinin fərqi yoxdur, əsas odur ki, iş getsin. 

Politoloq ölkə başçısının səsləndirdiyi fikirdən çıxardığı qənaəti belə açıqlayıb:

“Prosesin əvvəlində Rusiya vasitəçi idi, lakin sonrakı mərhələdə balans dəyişdi. İndiki şəraitdə əsas dinamika Brüssel-Vaşinqton danışıqlarındadır. Onlar tandem şəklində fəaliyyət göstərirlər. Rusiya artıq mövqeyini itirib. Hesab edirəm ki, Rusiya prosesin sonrakı mərhələsində aktiv iştirak edəcək. Kommunikasiyaların açılması baxımından onların spesifik rolları var.

Hansı tərəfdən impuls gəlsə, Azərbaycan adekvat reaksiya verəcək. Əgər Rusiya 2023-cü ilin 15 iyul tarixində XİN nazirlərinin bəyanatında ifadə olunan məntiqə uyğun davransa, yavaş-yavaş öz mövqeyini itirməyə davam edəcək. Rusiya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından narazıdır. Amma razılaşmaq məcburiyyətindədir. Dövlət başçısının dediyi fikirlər obyektiv reallığı ifadə edir. Rusiya vəziyyətdən düzgün istifadə etmədi. Əks təqdirdə biz də adekvat reaksiya verəcəkdik”.