Rusiya Paşinyanı devirə BİLƏCƏKMİ? - ŞƏRH

Rusiya Paşinyanı devirə BİLƏCƏKMİ? - ŞƏRH Siyasət

Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən devrilməsi planının gündəmdə  olduğuna dair fikirlər səslənir. Erməni mətbuatının yazdığına görə, Paşinyan Rusiyanın onu devirmək istəyi haqda məlumatlara malikdir

Ermənistan hakimiyyəti ilə Rusiya arasında açıq müstəviyə keçən qarşıdurma fonunda bu gözləntilər hər keçən gün artmaqda davam edir. 

Moskvada Ermənistan-ABŞ birgə hərbi təlimlərinin “qırmızı xətt”in keçilməsi olaraq qəbul edildi. Rusiyaya qarşı cəbhə açan və Birləşmiş Ştatlara söykənən Ermənistanı hansı ölkənin qoruyacağı da sual altındadır. Amerikalı hərbçilərin Ermənistanda təlimlərdə iştirakı da Paşinyanın öz təhlükəsizliyi məqsədilə baş tutduğu deyilir. 

Ekspertlərin fikrincə, proseslər Paşinyan hakimiyyətinə 1998-ci il Ter-Petrosyana qarşı həyata keçirilən ssenarinin tətbiq ediləcəyini göstərir.

Mövzu bağlı News24.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Rusiya hakimiyyəti uzun müddətdir Nikol Paşinyanı devirmək planını işə salıb.

“Rusiya prezidenti Putinin, Lavrov və digər rəsmi şəxslərin Paşinyanı günahlandıran bəyanatları məhz bu məqsədə xidmət edir. Onlar bununla Ermənistan əhalisini Paşinyana qarşı qaldırmağa çalışır və devirəcəklərinə ümid edirlər. Lakin hazırda baş verən hadisələr bunun mümkün olmayacağını göstərir. Çünki ABŞ Ermənistanın baş nazirini qorumaq üçün əlindən gələni edir. Digər tərəfdən bələdiyyə seçkiləri göstərdi ki, Rusiyanın Paşinyanın yerinə hazırladığı Ruben Vardanyan əhali tərəfindən qəbul edilmir. Onun partiyası 4% səsi belə toplaya bilmədi. Bu səbəbdən hesab edirəm ki, Paşinyanın devrilməsi mümkün deyil. Rusiya sözügedən reallığı dərk etməlidir. Birləşmiş Ştatlar bu çəkişmədə daha güclü mövqedədir. Ciddi cəhd göstərmədən Paşinyanı hakimiyyətdə saxlayacaq. Paşinyanın hakimiyyətdə qalması il sonunadək sülh prosesini sürətləndirə bilər. Biz də Paşinyanın hakimiyyətdə qalmasına maraqlıyıq", - deyə A.Səmədov fikrini yekunlaşdırıb.

Məsələ ilə bağlı fikirlərini bölüşən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz isə hesab edir ki, Paşinyan mövcud situasiyaları nəzərə alaraq "rəqs edirdi". Generalın sözlərinə görə, ondan sonra kim gəlirsə-gəlsin hazırki iqtisadi, sosial və siyasi çətinliklərlə qarşılaşacaq:

”Ermənistanı daxili çaxnaşmaların çoxalacağı, bir il ərzində iki-üç dəfə hakimiyyət dəyişikliyi gözlənilir". 

Y.Karauz qeyd edib ki, Paşinyan Rusiyaya rəğmən Qərbin dəstəyi ilə Ermənistanda hakimiyyətə gəlib. 

“Düşünürəm ki, bu gün Ermənistan daxilində baş verən gərgin siyasi proseslərdə Paşinyan çox sarsılıb. Bu səbəbdən də baş nazir postunu davam etdirməsi bir qədər çətin görünür. Ermənistandakı sosial problemlər və çevriliş cəhdləri onun hakimiyyətdə qalmasını təkzib edir. Lakin Qərb Paşinyanın getməməsi üçün çalışır. Gedəcəyi təqdirdə belə  Qərb Rusiyaya qapalı siyasət yürüdəcək bir namizəd gətirəcək. Rusiya isə daha çox köhnə Qarabağ klanından, törətdiyi cinayətlər kontekstində Rusiyaya bağlı olacaq və Rusiyanın bölgədəki diplomatik siyasətinə dəstək verə biləcək birinin gəlməsinə can atır. Ancaq Qərb Paşinyanın devrilməməsi üçün əlindəki bütün imkanları səfərbər edir. Bu fonda prosesin nəticəsi olaraq Paşinyan üçün yolun sonunun gəldiyi görünür. Məsələ Paşinyanın getməsi deyil, ondan sonra hakimiyyətə gələcək şəxsin qərbyönümlü yoxsa rusyönümlü siyasət yürütməsi ilə əlaqədardır”. 

Ayşən Rəhim