Sahibə Qafarova G77+ Çin Sammitində - FOTO

Sahibə Qafarova G77+ Çin Sammitində - FOTO Siyasət

Kuba Respublikasında G77+ Çin Sammitinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a bildirilib ki, Milli Məclisin sədri Sammit çərçivəsində “Elm, texnologiya və innovasiyanın rolu” mövzusunda keçirilən müzakirələrdə çıxış edib.

O, təmiz ətraf mühit və yaşıl inkişaf konsepsiyasının 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri olduğunu bildirib, Azərbaycanın Paris İqlim Sazişini ratifikasiya etməklə 2030-cu ilə qədər istixana qazlarının emissiyasının 35 faiz azaldılmasına nail olmaq üçün könüllü öhdəlik götürdüyünü diqqətə çatdırıb. O, bərpaolunan enerji üzrə bir sıra layihələrin icra edildiyini, 2030-cu ilə qədər bu enerji mənbələrinin Azərbaycanın ümumi enerji tutumunda payının 37 faizi ötəcəyi barədə məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın İqlim Dəyişikliyi üzrə Konvensiyanın Tərəflərinin 29-cu Konfransına ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürdüyünü, ölkəmizin qlobal iqlim gündəliyinin həyata keçirilməsinə töhfə verməyə və öz təcrübəsini bölüşməyə hazır olduğunu deyib.

Prezident İlham Əliyevin bu ilin martında Qoşulmama Hərəkatının sammitində Afrika və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək məqsədilə iki Qlobal Çağırış elan etdiyini xatırladan parlamentin sədri bu çağırışların birbaşa maliyyə dəstəyini, təhsil imkanlarının genişləndirilməsini, potensialın gücləndirilməsini və digər vasitələri nəzərdə tutduğunu diqqətə çatdırıb.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində elm, texnologiya və innovasiyanın mühüm roluna toxunan parlamentin sədri qeyd edib ki, elm, texnologiya və innovasiyanın milli inkişaf planlarına inteqrasiyası bu imkanların inkişafında geniş əməkdaşlıq vasitəsilə təşviq edilməlidir.