Vaşinqtonun Azərbaycana qarşı hansı planları var? - ŞƏRH

Vaşinqtonun Azərbaycana qarşı hansı planları var? - ŞƏRH Siyasət

ABŞ dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin suallarını - daha doğrusu Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, “biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu aydındır”.

Rəsmi Vaşinqton, eləcə də digər mərkəzlərin  “dözməyib, nə edə biləcəkləri” maraqlıdır. 

Mövzu ilə bağlı News24.az-a danışan politoloq Mətin Məmmədli bildirib ki, Azərbaycanla təhdid dilində danışmaq ölkəmiz və Birləşmiş Ştatlar arasındakı yüksək səviyyəli tərəfdaşlıq və diplomatik münasibətləri ilə üst-üstə düşmür.

"ABŞ tərəfindən belə bir mövqe nümayiş etdirilməsi təəssüf doğrur. Eyni zamanda beynəlxalq hüquq normalarına və ədalət prinsipinə ziddir bir mövqedir. Amerika diplomatının sərgilədiyi bu davranış onun peşəkar keyfiyyətlərindən xəbər verir. Əvvəla Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər. Anti-terror əməliyyatıının həyata keçməsi üçün də ölkəmizin tam siyasi, hüquqi və mənəvi əsası var ki, oradakı qeyri-qanuni silahlı dəstələri bölgədən çıxarsın və zərərsizləşdirsin. Azərbaycan isə hazırda problemlərin güc yolu ilə deyil, diplomatik üsulla həllinə yönəlib”,- o deyib.

Politoloq hesab edir ki, Vaşinqton, eləcə də digər mərkəzlər Azərbaycana qarşı bəyanatlar qəbul edə bilərlər. Lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır.

“II Qarabağ müharibəsi dönəmində bəzi xarici mərkəz dairələri Azərbaycana qarşı bir sıra bəyanatlar qəbul ediblər. Ehtimal etmək olar ki, hansısa bir məqamda ölkəmizə qarşı bir qərar qəbul edilə, bir sıra sahələrə sanksiya tətbiq oluna bilər. Bunlar gözləniləndir. Düşünürəm ki, hazırki situasiyada Amerika diplomatiyası öz rasionallığını itirməyəcək. O, Azərbaycan kimi strateji tərəfdaşını özündən uzaqlaşdırmayacaq, çünki belə bir mövqe ABŞ dövlət maraqlarına da uyğun deyil, regional diplomatiyasına zərbədir. Həmçinin Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasındakı vasitəçilik missiyasına da kölgə salır. İstənilən halda Azərbaycana qarşı təhdid, təzyiq və sanksiyalar ölkəmizin haqlı bildiyi məsələlərdə geri çəkilməyinə səbəb ola bilməz”,- deyə o, fikrini yekunlaşdırıb.

Məsələ ilə bağlı fikirlərini bölüşən türkiyəli politoloq Aydın Sezer  vurğulayıb ki, ABŞ Konqresindəki anti-türk lobbisi və təmsilçiləri Türkiyə və Azərbaycanla bağlı hər zaman sərt bəyanatlar səsləndirirlər. 

“ABŞ-dakı erməni diasporunun gücünü hamımız bilirik. Ona görə də konqresdə edilən çıxışları və ABŞ dövlət katibinin müavini Yuri Kimin çıxışlarını bu kontekstdə qiymətləndirmək lazımdır. Bunlar çox da ciddi bəyanatlar deyil.

Digər tərəfdən, Paşinyanın belə Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir bölgə olduğunu bəyan etdiyinə görə, erməni xalqı ilə bu bölgədəki separatçı qüvvələr arasında fərq nəzərə alınmalıdır”.

 A.Sezerin sözlərinə görə, diaspor, xüsusən də ABŞ Cənubi Qafqazda baş verənləri Rusiyaya qarşı yeni cəbhə kimi görür. 

“Bu səbəbdən də təxribat fəaliyyətinə yönəlməyə çalışırlar. Xüsusilə Ukrayna müharibəsindən sonra Cənubi Qafqazda Rusiyanı mühasirəyə almaq istəyirlər. Azərbaycanın Rusiya, xüsusilə Türkiyə ilə diplomatic münasibətləri çərçivəsində, həmçinin Ərdoğan və Paşinyan arasındakı təmaslara görə, Yuri Kimin nəzərdə tutduğu kimi, onların bu regionda hər hansı praktiki addım atması mümkün deyil. Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq.Hansı güclə, necə və harada belə bir maneə qoya bilərlər? Türkiyənin NATO- nun güclü ordusu olduğunu unutmaq olmaz. Xüsusilə İsveçin NATO üzvlüyü barədə  danışıqların getdiyi bir döəmdə ABŞ Türkiyəni qarşısına almağı istəməyəcək”.

Politoloq hesab edir ki, Qarabağ bölgəsində qısa müddətdə sülh mühiti yaradıla bilər.

“Burada biz xüsusilə Ermənistanın daxili siyasətində baş verən proseslərə diqqət yetirməliyik. Rusiya da Qarabağla bağlı mövqeyini ortaya qoyub. “Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşdırılması, o cümlədən regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinə maneələrin aradan qaldırılması, delimitasiya-demarkasiya məsələləri və sülh sazişi üzrə danışıqlarda tərəflərə köməklik göstərilməlidir.

9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçlü yüksək səviyyəli bəyanatların icrası həyata keçirilməlidir”.

Ayşən Rəhim