16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması zərurəti...

16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan olunması zərurəti... Sosial

Müasir dünyanı internetsiz, sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Virtual dünyada istənilən mövzu müzakirə olunur, müxtəlif məhsullar reklam edilir, dostluqlar, tanışlıqlar qurulur. Bütün bunların əlçatan, asan olması ilə yanaşı mənfi tərəfləri də var.

Azyaşlılar üçün “səssiz təhlükə”: Sosial media asılılığı

Virtual dünyadan evimizin içərisinə daxil olan mövzular, görüntülər azyaşlılara xüsusilə çox təsir edir. Onlar sosial şəbəkələr vasitəsi ilə aqressiv oyunlara meyl edirlər. Üstəlik, uşaqların saflığından istifadə edərək onları sosial şəbəkələr vasitəsi ilə aldatmaq çox asanlaşıb.

Bundan əlavə, virtual məkanda “bəyənmə”, “izləyici sayı” və “trend olmaq” anlayışları uşaqlarda özünüqiymətləndirmə problemini dərinləşdirir. Nəticədə, onlarda özünə inamsızlıq, narazılıq və depressiv əlamətlər, sosial təzyiq kimi psixoloji problemlər ortaya çıxır.

Sosial media asılılıq yaradan mexanizmlərlə işləyir. Bunun nəticəsidir ki, virtual dünyada “yaşayan” uşaq telefondan uzaqlaşdıqda narahatlıq hiss edir, diqqəti tez dağılır və real ünsiyyətdən uzaqlaşır.

Virtual həyatın uşaqların sağlamlığına və təhsilinə vurduğu zərbə

Sosial şəbəkələrdə çox zaman keçirmək uşaqların sağlamlığına, mənəvi-psixoloji vəziyyətinə və təhsil həyatına da ciddi zərbə vurur.

Uzunmüddətli ekran istifadəsi görmə zəifliyi, göz yorğunluğu, onurğa və boyun ağrılarına səbəb olur. Üstəlik, vaxtını virtual dünyada keçirən uşaqlarda hərəkətsizlik səbəbilə artıq çəki və erkən piylənmə riski artır.

Sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməyin təhsilə təsiri artıq açıq şəkildə hiss olunur. Davamlı bildirişlər və qısa, sürətli videolar uşaqlarda diqqəti uzun müddət cəmləmək bacarığını zəiflədir. Bu isə dərs oxumaqda çətinlik, məlumatı dərin qavrama qabiliyyətinin azalması, ev tapşırıqlarına marağın itməsi ilə nəticələnir.

Uşaqların virtual təhlükələrdən qorunmasında dünya təcrübəsi

Sosial şəbəkələrin azyaşlılar üzərində mənfi təsirləri səbəbindən dünyanın əksər ölkələrində qanunvericilik səviyyəsində zəruri addımlar atılıb.

2024-cü ilin noyabrında dünyada ilk dəfə olaraq Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanun qəbul edildi. Bu qanun mövcud hesablardan istifadə etməyi və yeni hesab açmağı əhatə edir və sosial media şirkətlərini buna uyğun yaş təsdiqi sistemləri tətbiq etməyə məcbur edir. Qanuna əməl etməyən şirkətlər ciddi cərimələrlə üzləşə bilər. Belə tədbirlər nəticəsində sosial media platformaları təxminən 4.7 milyon hesabı deaktiv edib.

Fransa parlamenti isə bir neçə gün öncə 15 yaşdan kiçik şəxslərin sosial şəbəkə istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanunun qəbulunda məqsəd uşaqların psixoloji sağlamlığını və təhlükəsizliyini artırmaqdır. Qanuna görə sosial platformalar qeydiyyat zamanı istifadəçilərin yaşını yoxlamalıdır.

Türkiyədə də 15 yaşadək olan şəxslərin sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək. Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın sözlərinə görə, sosial şəbəkə istifadəçilərindən şəxsiyyət vəsiqəsinin nömrəsinin daxil edilməsi və bunun ardınca təsdiqləmə tələb olunacaq. Məqsəd uşaqların onlayn təsirlərdən, zorakılıq və zərərli məzmunlardan qorunmasını təmin etməkdir.

Bundan əlavə, Böyük Britaniya və Misir kimi ölkələrdə də uşaqlar üçün onlayn məzmunun təhlükələrinə qarşı yeni qaydaların hazırlanması istiqamətində müzakirələr gedir.

Azərbaycanda da qadağaların tətbiq olunması zəruridir

Aparılan müşahidələr və beynəlxalq təcrübə göstərir ki, sosial şəbəkələr müasir dünyanın ayrılmaz hissəsi olsa da, azyaşlılar üçün nəzarətsiz istifadə ciddi təhlükələr yaradır. Əsl risk isə uşaqların formalaşma mərhələsində yanlış dəyərlərlə üz-üzə qalması və real həyat bacarıqlarını itirməsidir.

Azərbaycanda da azyaşlıların sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi, yaşlarına uyğun olmayan məzmunla qarşılaşması, onlayn oyunlar və virtual tanışlıqlar vasitəsilə risk altına düşməsi artıq açıq şəkildə müşahidə olunur. Valideyn nəzarətinin zəifliyi və hüquqi mexanizmlərin yetərincə tənzimlənməməsi bu riskləri daha da dərinləşdirir.

Beynəlxalq təcrübə göstərir ki, dövlətlər bu məsələni artıq fərdi ailə problemi deyil, milli təhlükəsizlik və ictimai sağlamlıq məsələsi kimi qiymətləndirirlər. Azərbaycanda da oxşar yanaşmanın formalaşdırılması, azyaşlıların sosial şəbəkələrdən istifadəsinin yaş məhdudiyyəti, valideyn razılığı və effektiv nəzarət mexanizmləri ilə tənzimlənməsi vacibdir.

Bu məqsədlə qanunvericilik səviyyəsində qadağa və məhdudiyyətlərin tətbiq olunması artıq zərurətə çevrilib.

Burada məqsəd uşaqları rəqəmsal dünyadan tam təcrid etmək deyil, onların bu mühitdə təhlükəsiz, şüurlu və balanslı şəkildə mövcudluğunu təmin etməkdir. Əks halda, sosial şəbəkələrin yaratdığı problemlər gələcək nəsillərin psixoloji sağlamlığına, təhsil səviyyəsinə və sosial davranışlarına uzunmüddətli mənfi təsir göstərəcək.