Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ – VİDEO

Abşeronda şagirdlərin tibbi müayinəsi ilə bağlı NARAZILIQ – VİDEO Sosial

Abşeron rayonunda şagirdlərin tibbi dispanserizasiyadan keçirilməsi ilə bağlı tətbiq olunan qayda valideynlərin narazılığına səbəb olub.

News24.az xəbər verir ki, məlumata görə, Abşeron Rayon Təhsil İdarəsi dərs ilinin sonuna yaxın məktəblilərdən tibbi müayinədən keçməyi tələb edir. Lakin bu proses məktəblərdə təşkil olunmur, şagirdlər birbaşa Abşeron Rayon Mərkəzi Xəstəxanası yönləndirilirlər.

Şikayətlərdə bildirilir ki, xəstəxanada artıq gündəlik müayinə üçün gələn vətəndaşlarla yanaşı, məktəblilər və onların valideynləri də kütləvi şəkildə ora üz tuturlar. Bu isə tibb müəssisəsində sıxlıq və uzun növbələrin yaranmasına səbəb olur.

Valideynlər qeyd edirlər ki, mövcud şəraitdə şagirdləri həftələrlə məktəbdən yayındıraraq xəstəxanada növbəyə durmaq məcburiyyətində qalırlar. Bu hal həm tədris prosesinə mənfi təsir göstərir, həm də ailələr üçün əlavə çətinliklər yaradır.

"Əgər tibbi arayışın alınması zəruridirsə, ya məktəblərə həkim briqadaları göndərilsin, ya da xəstəxanada növbəlilik sistemi tətbiq edilərək hər məktəb üçün ayrıca günlər müəyyənləşdirilsin", - deyə şikayətdə bildirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, şagirdlərin tibbi-profilaktik müayinələrinin (icbari dispanserizasiyanın) təşkili Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun olaraq həyata keçirilir və qərarda nəzərdə tutulan sənədlərin təqdim edilməsi istənilir.

"İcbari dispanserizasiyanın məqsədi uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstələnmə hallarının azaldılması, eləcə də uşaqların xəstəliklərdən qorunmasıdır", - deyə məlumatda bildirilir. (Oxu.az)