Abituriyentlər imtahanlarda əşyalarını harada saxlasınlar?

Abituriyentlər imtahanlarda əşyalarını harada saxlasınlar? Sosial

Buraxılış və qəbul imtahanları zamanı abituriyentlərin şəxsi əşyalarını saxlamaq üçün təhlükəsiz şəraitin olmaması ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Xüsusilə valideyn və ya digər müşayiətçi ilə gəlməyən abituriyentlər üçün bu vəziyyət əlavə çətinlik yaradır, çünki gediş kartı, mobil telefon və digər şəxsi əşyalarını imtahan binasında yerləşdirmək üçün şərait yaradılmır. Bu hal xüsusilə də uzaq məsafədən gələn iştirakçılar üçün çətinlik yaradır, əlavə stress mənbəyinə çevrilir. Buna görə, xüsusi hallar nəzərə alınmaqla imtahan keçirilən binalarda ehtiyac yarandığı halda abituriyentlərin şəxsi əşyalarını yerləşdirməkləri üçün yerlərin ayrılması müzakirə edilir.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iştirakçılar imtahana gələrkən yalnız şәxsiyyәt vәsiqәsi və imtahana buraxılış vәrәqәsini özləri ilə gətirməlidirlər:

"Mobil telefon, fləşkart, smart saat, çanta, əlavə hər hansı bir vəsait, digər köməkçi vasitələr və s. imtahana gətirilməməlidir. Bununla bağlı iştirakçılara əvvəlcədən məlumat verilir və Yaddaş kitabçasında, həmçinin imtahana buraxılış vərəqəsində müvafiq xəbərdaredici qeydlər göstərilir. Buraxılış və qəbul imtahanları kütləvi imtahanlardır və on minlərlə iştirakçı qatılır. İmtahanlar əsasən məktəblərdə təşkil olunur. Burada əlavə əşyaları yerləşdirmək üçün saxlanc yerləri yoxdur. Proses kütləvi olduğu üçün kənar faktorlar imtahanın təşkili və idarəolunmasına da mənfi təsir göstərə bilər. Beynəlxalq praktikada da kütləvi qəbul imtahanları zamanı iştirakçılara əlavə əşyalar, o cümlədən mobil telefon gətirmək qadağan edilir".

"Ancaq qeyd edək ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahanlarında qarderob və digər kiçik əşyaları saxlamaq üçün xüsusi şərait yaradılıb. Orada keçirilən imtahanlarda iştirakçıların üst geyimlərini və mobil telefonarını təhvil vermək üçün imkan yaradılır" - deyə qurumdan bildirilib.