ADU dünyanın ən yaxşı universitetləri sırasında – FOTO

ADU dünyanın ən yaxşı universitetləri sırasında – FOTO Sosial

Martın 25-də “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi 2026-cı il üçün fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəlini dərc edib. Nəticələrə əsasən, Azərbaycan Dillər Universiteti (ADU) “Müasir dillər” istiqaməti üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 151–200 aralığında qərarlaşıb. Universitet, eyni zamanda, “Linqvistika” sahəsi üzrə ilk dəfə reytinqə daxil olaraq 251–300-cü yerlər qrupunda təmsil olunub.

Bu barədə News24.az-a ADU-dan məlumat verilib.

QS tərəfindən bu ilin reytinqlərinin hazırlanması məqsədilə təxminən 6273 ali təhsil müəssisəsinin akademik nüfuzu və elmi-tədqiqat fəaliyyətinin nəticələri təhlil edilib. Bu qurumlar arasından 1908 universitet 55 dar ixtisas sahəsi və 5 geniş fənn istiqaməti üzrə qiymətləndirilib, nəticədə 21 mindən çox göstərici formalaşdırılıb. Bu statistika QS-in fənn reytinqlərinin hazırlanmasının genişmiqyaslı və kompleks xarakter daşıdığını nümayiş etdirir.

ADU əvvəlki illərlə müqayisədə dinamik inkişaf nümayiş etdirib. Universitet 2023 və 2024-cü illərdə “Müasir dillər” sahəsi üzrə 301–340 aralığında qərarlaşdığı halda, 2025-ci ildə mövqeyini 201–250 aralığına yüksəldib, 2026-cı ildə isə bu göstəricini daha da yaxşılaşdıraraq ilk 200-lükdə yer alıb.

QS fənn reytinqləri beş əsas indikator əsasında formalaşdırılır: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, bir məqaləyə düşən istinadların sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu göstəricilər ali təhsil müəssisələrinin həm elmi-tədqiqat potensialını, həm də qlobal akademik mühitdəki mövqeyini kompleks şəkildə qiymətləndirməyə imkan verir.

ADU dünyanın ən yaxşı universitetləri sırasında – FOTO