Azərbaycanda bu kənd adları müzakirəyə səbəb oldu: Onlar dəyişdiriləcək?
Sosial
Azərbaycanda yaşayış məntəqələrinin adları təkcə coğrafi göstərici deyil, həm də tarixi yaddaşı, dil xüsusiyyətlərini və yerli mədəniyyəti əks etdirən mühüm toponim irsidir. Bununla belə, ölkənin müxtəlif bölgələrində səslənişi ilə diqqət çəkən, bəzən qeyri-adi, bəzən isə ilk baxışda gülməli təsir bağışlayan kənd adları bu gün də mövcuddur. Məsələn, Göyçay rayonunda Mırtı, Potu, Yekəxana; Kəlbəcər rayonunda Bağırsaq, Dovşanlı, Qoturlu, Lev, Şaplar; Ağsu rayonunda Bico; Füzuli rayonunda Quraşdırma ev, Qarğabazar, Arış, Çimən, Gecəgözlü, Gorazıllı, Mandı; Bərdə rayonunda Əyricə, Kafarlı, Piyadalar, Dəymədağlı; Zəngilan rayonunda Aşağı Yeməzli, Ördəkli; Zərdab rayonunda isə Burunlu, Gəlmə kimi kənd adları buna nümunə göstərilir.
Bu adların bir qismi tarixi köklərə, yerli ləhcə xüsusiyyətlərinə və ya qədim hadisələrə bağlı olsa da, bəziləri müasir dövrdə ictimai müzakirələrə səbəb olur. Cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bir tərəf adların dəyişdirilməsini təklif edir, digər tərəf isə onların tarixi-mədəni irsin tərkib hissəsi kimi qorunmasının vacibliyini vurğulayır.
Məsələ ilə bağlı News24.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu mövzu parlamentdə dəfələrlə müzakirə olunub və müxtəlif təkliflər səsləndirilib:
"Bu kimi məsələlərə daha geniş və konseptual yanaşmaq lazımdır. Məncə, adların dəyişdirilməsi məsələsinə daha çox başqa xarakterli istiqamətdə yanaşılmalıdır. Məsələn, deyək ki, Bakının Sabunçu rayonunda "Savxoz-2" adlı yaşayış məntəqəsi var. "Savxoz" nə deməkdir? Bu, sovet dövrünə aid təsərrüfat anlayışıdır. Amma qədimdən formalaşmış bəzi adlara çox toxunmağın da bir mənası yoxdur. Hətta o adlar bu gün tələffüz ediləndə o qədər də xoş təsəvvür yaratmasa belə".
Fazil Mustafa qeyd edib ki, ad dəyişikliyi məsələsində əsas meyar yalnız ideoloji yanaşma olmamalıdır:
“Əgər hər hansı adın dəyişdirilməsi orada yaşayan əhali üçün narazılıq yaradırsa, bu addımı atmaq doğru olmaz. Toponimlər təkcə söz deyil, insanların yaddaşı, ünvanı, sənədləri, gündəlik həyatı ilə bağlı məsələdir. Buna görə də hər dəyişiklik ciddi şəkildə əsaslandırılmalıdır".
Deputat əlavə edib ki, elə yerlər də var ki, onların sovet dövründən qalan ideoloji mənası artıq tamamilə itib və bu baxımdan həmin adların dəyişdirilməsi üzərində danışmaq daha məntiqli görünə bilər:
“Amma bununla bağlı xüsusi Toponimiya Komissiyası fəaliyyət göstərir. Həmin qurum adlarla bağlı məsələləri araşdırır, müvafiq rəy və mülahizələrini bildirir. Çünki bu proses spontan qaydada aparıla bilməz".
Onun sözlərinə görə, hər səsləndirilən təklif avtomatik şəkildə qəbul edilmir:
“Çox vaxt bu məsələlər qaldırılıb, amma müəyyən arqumentlər əsasında qəbul olunmayıb. Burada əsas olan arqumentləşmədir. Tarixi əsas, ictimai rəy, hüquqi tərəflər və digər amillər nəzərə alınmalıdır. Sadəcə təklif irəli sürmək kifayət etmir, onun ciddi əsaslandırılması vacibdir. Adların dəyişdirilməsi həssas məsələdir və bu istiqamətdə qərarlar verilməlidir".