Azərbaycanda doğum sayında 6 minlik azalma - Kəskin enişin səbəbləri
Sosial
Azərbaycanda demoqrafik göstəricilərdə artım tempi zəifləyib. Rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə 95 min 875 körpə doğulub. Bu göstəricini 2024-cü ildə qeydə alınmış 102 min 310 doğumla müqayisə etsək, 6 mindən də çox fərqin olduğunu görərik. Nəticədə əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 10,0-dan 9,4-ə enib ki, bu da doğum tempində azalma meylinin davam etdiyini göstərir.
Eyni zamanda, ötən il ölkə əhalisinin ümumi sayı cəmi 0,4 faiz artıb. Demoqrafik artımın zəifləməsi həm təbii artımın azalması, həm də doğum göstəricilərindəki enişlə əlaqələndirilir. Mövcud dinamika əhalinin yaş strukturuna və uzunmüddətli sosial-iqtisadi proseslərə təsir edə biləcək amil kimi qiymətləndirilir.
Məsələ ilə bağlı News24.az-a danışan sosioloq Mail Yaqublu bildirib ki, Azərbaycanda əhalinin artım tempinin azalması artıq uzunmüddətli demoqrafik risklər formalaşdırır və bu tendensiya davam edərsə, gələcəkdə əmək bazarına, sosial təminat sisteminə və ümumi əhali strukturuna ciddi təsir göstərə bilər:
"Əsas problem ailələrdə uşaq sayının kəskin şəkildə azalmasıdır. Ötən əsrin 60-cı illərində hər anaya orta hesabla 6,7 uşaq düşürdüsə, hazırda bu göstərici 1,5–1,6 səviyyəsinə enib. Bu, sadəcə azalma deyil, demoqrafik davranış modelinin dəyişməsidir. Əhalinin özünü təbii şəkildə yeniləməsi üçün bu rəqəm ən azı 2,1 olmalıdır. Hazırkı göstərici isə bundan xeyli aşağıdır”.
Sosioloq qeyd edib ki, ailələrin çoxuşaqlı olmağa marağının azalması bir neçə amillə bağlıdır. İlk növbədə, həyat tərzi və dünyagörüşü dəyişib:
“İnsanlar artıq prioritetlərini fərqli qururlar. Karyera, şəxsi inkişaf, maddi sabitlik ön plana keçir. Hətta imkanlı ailələr belə 1-2 uşaqla kifayətlənirlər. Digər mühüm faktor isə sosial-iqtisadi səbəblərdir. Ailələr artan xərcləri, təhsil və səhiyyə məsrəflərini nəzərə alaraq daha az uşaq sahibi olmağa üstünlük verirlər. Valideyn düşünür ki, bir və ya iki uşağı belə yüksək səviyyədə təmin etmək çətindir. Sosial dəstək mexanizmlərinin, o cümlədən uşaqpulu məsələsinin olmaması da bu qərarlara təsir edir”.
Sosioloqun sözlərinə görə, oxşar tendensiya Avropa ölkələrində də müşahidə olunur və Azərbaycan da tədricən həmin demoqrafik mərhələyə daxil olur:
“Bu gün əsas məsələ doğum səviyyəsinin aşağı düşməsidir. Bu proses davam edərsə, əhali yaşlanacaq və gənc nəsil payı azalacaq. Bu baxımdan, uzunmüddətli demoqrafik siyasətin gücləndirilməsi və ailələr üçün stimullaşdırıcı mexanizmlərin hazırlanması vacib hesab edilir".
Məsələ ilə bağlı News24.az-a danışan radioloq, tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, doğum sayının azalmasının əsas səbəblərindən biri gənclərin ailə qurmaqda tərəddüd etməsidir:
"Bir çox gənc maddi çətinliklər səbəbindən evlilik və övlad sahibi olmaq qərarını ertələyir. Gənc insan düşünür ki, tək özünü dolandıra bilmir, ailəni necə saxlasın? Uşağın qidası, geyimi, gündəlik xərcləri var. İcbari tibbi sığorta tətbiq olunur, amma bu, tam yetərli deyil. Səhiyyə sistemində isə əsas problemlərdən biri xidmət keyfiyyətinin aşağı düşməsidir. Bəzi tibb müəssisələrində xidmət qənaətbəxşdir, amma əksər yerlərdə keyfiyyət problemi var. Bu da çox vaxt həkimlərin günahı deyil. Elə hallar olur ki, bir həkimə gündə 50-100 pasiyentə baxmaq tapşırılır. Bu qədər xəstəni keyfiyyətli müayinə etmək, şikayətlərini dinləmək, analiz və müayinələri ayrı-ayrılıqda dəyərləndirmək fiziki baxımdan mümkün deyil. Kəmiyyət artdıqca keyfiyyət aşağı düşür”.
"Ölüm səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün bütün hallarda patoloji anatomik müayinələrin aparılması vacibdir. Hər bir ölüm faktı təşrih olunmalı, dəqiq səbəb tibbi şəkildə təsdiqlənməlidir. Yalnız bu halda real statistika və düzgün analiz aparmaq mümkündür”, - deyə həkim qeyd edib.