Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA

Azərbaycanda yeni virus yayılıb? - Nazirlikdən AÇIQLAMA Sosial

Son zamanlar cəmiyyət arasında bənzər simptomlarla müşayiət olunan kütləvi xəstələnmə halları ciddi narahatlıq doğurmağa başlayıb. Boğaz ağrısı, yüksək hərarət, şiddətli halsızlıq və xüsusilə "sümüklərin sızıldaması" kimi təsvir edilən kəskin ağrılar gündəlik həyat ritmini iflic edir. Bir çoxları bu vəziyyəti "ağır qrip" və ya "yeni bir virus" kimi qiymətləndirlər.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda son vaxtlar müşahidə olunan bu simptomlar kompleksi bir neçə fəsli respirator virus infeksiyalarının dövriyyədə olması ilə əlaqədardır:

"Bu hal "yeni" virusla əlaqəli deyil, bir neçə infeksiyanın eyni vaxtda sirkulyasiyasından qaynaqlanır. Klassik qripdən fərqlənən, lakin oxşar simptomlar yaradan əsas törədicilər - adenoviruslar, rinoviruslar və başqalarıdır. Bunlar boğazda kəskin ağrı və uzunmüddətli halsızlıq, bəzən sümük ağrıları ilə müşayiət olunur. Mövsüm dəyişiklikləri orqanizm üçün bioloji bir stressdir. Gün ərzində temperaturun kəskin dəyişməsi (səhər soyuq, günorta isti) orqanizmin müdafiə baryerlərini zəiflədir. Quru və ya həddən artıq rütubətli hava tənəffüs yollarının selikli qişasını həssaslaşdırır, bu da virusların hüceyrəyə daxil olmasını asanlaşdırır.

İnsanların "sümük ağrısı" kimi təsvir etdiyi hal, əslində orqanizmin intoksikasiya (zəhərlənmə) əlamətidir. Virus bədəndə çoxaldıqca immun sistemi sitokinlər ifraz edir. Bu maddələr iltihab prosesini başladır ki, bu da əzələ və oynaq ətrafındakı sinir uclarını qıcıqlandıraraq şiddətli ağrı hissi yaradır".

Mütəxəssis bildirib ki, bol maye qəbulu toksinlərin bədəndən xaric olmasını sürətləndirir:

"Əgər qızdırma 3 gündən artıq davam edərsə və ya tənəffüs çətinləşərsə, infeksiyanın bakterial formaya keçməməsi üçün mütləq həkim müayinəsindən keçmək lazımdır. Profilaktik tədbir kimi isə vitamin balansını (xüsusilə D və C vitaminləri) və yuxu rejimini diqqətdə saxlamaq lazımdır. Bunlar immun sisteminin bərpası üçün həlledicidir. Yoluxma olduqda isə bu vəziyyət adətən 7-10 gün ərzində tam sağalma ilə nəticələnir".