Azərbaycan mühüm tədbirə ev sahibliyi edəcək
Sosial
Türkiyənin də qurucu üzvü olduğu və fəaliyyətlərində fəal iştirak etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransı (CICA) 2024–2026-cı illər üzrə Sədrliyini “Asiyada Daha Güclü CICA, İnteqrasiya, Rəqəmsallaşma və Davamlı İnkişaf” mövzusu ilə Azərbaycan həyata keçirir.
News24.az xəbər verir ki, ERAmedia-nın Türkiyə parlamentindən əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində 25 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində keçirilən CICA Qeyri-rəsmi Nazirlər Şurası iclasında “CICA Qadınlar Konseyi Əsasnaməsi” Azərbaycan sədrliyi dövründə qəbul edilib.
Bu çərçivədə 14 aprel 2026-cı il tarixində Bakı şəhərində CICA Qadınlar Şurasının ilk iclası və “Davamlı İnkişaf üçün CICA məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Qadın-Kişi İmkan Bərabərliyi Komissiyasının (KEFEK) sədri, AK Parti Sakarya millət vəkili Çiğdem Ərdoğan sözügedən toplantıda iştirak edəcək. Bu çərçivədə o, 13–15 aprel 2026-cı il tarixlərində Bakıda səfərdə olacaq.
14 aprel tarixində keçiriləcək toplantı ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova ilə görüş də planlaşdırılır. Tam günlük iclas nəzərdə tutulduğundan əlavə hər hansı tədbirin keçirilməsi planlaşdırılmır.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qadının Statusu Komissiyası (KSK) 70-ci sessiyası çərçivəsində KEFEK tərəfindən 10 mart 2026-cı il tarixində Nyu-Yorkda yerləşən Türkevidə “Könül Birliyindən Güc Birliyinə: Türk Dünyasında Sahibkarlıq Ekosistemi” adlı tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi türk dünyası arasında tarixi və mədəni bağları (Könül Birliyi) qadın sahibkarlığı vasitəsilə konkret iqtisadi əməkdaşlığa (Güc Birliyi) çevirmək olub.
Toplantıda ev sahibi kimi KEFEK sədri Çiğdem Ərdoğan ilə yanaşı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış ediblər. Bununla yanaşı, KAGİDER, Qadın Ticarət İşəgötürənləri Həmkarlar İttifaqı və Quzey Kıbrıs Türk Cümhuriyyəti Qadın Sahibkarlar Dərnəyinin rəhbərləri də tədbirdə söz alıblar.
Tədbir Türkiyə, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyətindən yüksək səviyyəli nümayəndələri, ABŞ-da yaşayan türk iş xanımlarını və qeyri-hökumət təşkilatlarını bir araya gətirib.
Həmçinin Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi və CICA Katibliyinin birgə təşkilatçılığı ilə Bahar Muradovanın iştirakı ilə 13 mart 2026-cı il tarixində BMT Baş Qərargahında yüksəksəviyyəli tədbir keçirilib.
Tədbirdə 14 aprel 2026-cı ildə Bakıda keçiriləcək “Davamlı İnkişaf üçün CICA məkanında qadınların səsinin gücləndirilməsi” mövzusunda konfransın və yeni yaradılmış CICA Qadınlar Konseyinin regional əməkdaşlıq baxımından strateji əhəmiyyəti vurğulanıb.
Əsas məruzəçilərdən biri olan Çiğdem Erdoğan çıxışında Türkiyə ilə Azərbaycan arasında “İki dövlət, tək millət” prinsipinin qadınların gücləndirilməsi istiqamətində mühüm dayaq olduğunu bildirib. O, həmçinin Türkiyənin “Güclü qadın, güclü ailə, güclü cəmiyyət” prinsipinin əhəmiyyətini vurğulayaraq regional əməkdaşlığın gələcəyinə dair baxışlarını bölüşüb.
Çıxışında Çiğdem Ərdoğan Bakıdan İstanbula, Astanadan İslamabada qədər bütün bazarlarda qadın sahibkarların məhsullarının layiq olduğu dəyəri alması üçün struktur maneələrin aradan qaldırılmasının vacibliyini qeyd edib.