Bakıda sıxlıq pik həddə: Sadəcə bir çıxış yolu var
Sosial
Mart ayında Ramazan və Novruz bayramlarının üst-üstə düşməsi ilə paytaxtdan bölgələrə kütləvi axın ölkənin nəqliyyat infrastrukturunu növbəti sınaqla üz-üzə qoydu. Ayın 19-u axşam saatlarında Bakı-Ələt magistralında yaranan ucsuz-bucaqsız sıxlıq nəticəsində yüzlərlə sürücü və sərnişin saatlarla yolda qalmalı oldu. Sosial şəbəkədə yayılan görüntülər mövcud yol şəbəkəsinin pik yüklənmələr qarşısındakı acizliyini və institusional problemləri bir daha gündəmə gətirdi. Həftəiçi paytaxt küçələrində müşahidə olunan intensivlik də bu məsələyə artıq lokal çərçivədən deyil, daha geniş və sistemli yanaşmanın vacibliyini ortaya qoyur.
Bu sıxlığın pərdəarxasında duran əsas amil kimi regionlarda iqtisadi aktivliyin zəifliyi və əhalinin paytaxtda disproporsional cəmləşməsi göstərilir. Bəs bu strateji problemi kökündən həll etmək üçün hansı sistemli addımlar atılmalıdır?
Məsələ ilə bağlı News24.az-a danışan deputat Aydın Mirzəzadə qeyd edib ki, dünyanın bütün ölkələrində paytaxtlar xüsusi əhəmiyyətə malik olur və əhalinin böyük hissəsi məhz bu şəhərlərdə cəmləşir.
"Paytaxtlarda yalnız idarəetmə orqanları deyil, həm də iri şirkətlər, logistika mərkəzləri və əsas iqtisadi fəaliyyət sahələri yerləşir. Bu baxımdan Bakı şəhərində müşahidə olunan sıxlıq təbii prosesdir. Azərbaycanın keçmişində mövcud olmuş işğal faktoru da regionların inkişafını ləngidərək paytaxta axını artırıb. Hazırda regionların inkişafı və paytaxtın yükünün azaldılması istiqamətində dövlət səviyyəsində ciddi addımlar atılır".
Deputat qeyd edib ki, prezident tərəfindən regionların sosial-iqtisadi inkişaf proqramlarının qəbul edilməsi, bölgələrdə yeni universitetlərin açılması, bank sektorunun regionlarda genişlənməsi bu prosesə müsbət təsir göstərir:
"Görülən işlər hələ başlanğıc mərhələsindədir və əlavə tədbirlərə ehtiyac var. Əsas prioritetlərdən biri sahibkarların regionlara investisiya qoyuluşunun təşviq edilməsidir. Bu məqsədlə iş adamlarına güzəştli kreditlərin verilməsi, vergi güzəştlərinin tətbiqi və yeni iş yerləri açan sahibkarlara əlavə stimulların təqdim edilməsi vacibdir. Bu cür təşviqlər investorların daha çox gəlir əldə etmək məqsədilə regionlara yönəlməsinə səbəb ola bilər".
Deputatın sözlərinə görə, regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarların vergi yükünün azaldılması, bəzi sahələr üzrə isə ümumiyyətlə vergi güzəştlərinin tətbiqi onların fəaliyyətini genişləndirə və yeni iş yerlərinin yaranmasına təkan verə bilər:
"Tikinti şirkətlərinə vergi güzəştlərinin verilməsi və onların fəaliyyətinin dəstəklənməsi əhalinin bölgələrə köçünü sürətləndirə bilər. Bu isə öz növbəsində iqtisadi potensialın regionlara daha geniş yayılmasına şərait yaradacaq. Artıq on minlərlə insan həmin ərazilərdə yaşayır və ya çalışır. Bununla yanaşı, keçmiş məcburi köçkün olmayan vətəndaşların da bu bölgələrdə məskunlaşması və biznes fəaliyyəti ilə məşğul olması üçün qanunvericilik çərçivəsində əlverişli şərait yaradılıb".