Bakıda yağışlı hava və geoloji proseslər: Sürüşmə riskini artıran əsas amillər - AÇIQLAMA

Bakıda yağışlı hava və geoloji proseslər: Sürüşmə riskini artıran əsas amillər - AÇIQLAMA Sosial

Son günlər paytaxt Bakıda müşahidə olunan intensiv yağıntılar təkcə şəhər infrastrukturunu iflic etməklə kifayətlənməyib, həm də paytaxtın həssas geoloji zonalarında sürüşmə proseslərini yenidən aktivləşdirib. Yağış sularının torpaq qatlarını yumşaltması nəticəsində Badamdar, Zığ, Bibiheybət və Salyan şosesi istiqamətindəki sürüşmə sahələrində aktivlik pik həddə çatıb.

Məsələ ilə bağlı News24.az-a danışan AMEA-nın Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib ki, yaz ayları üçün xarakterik olan qəfil və intensiv yağışlar yalnız Bakı və Abşeron yarımadasında deyil, respublikanın bir çox bölgəsində sel və sürüşmə hadisələrinin aktivləşməsinə səbəb olur:

"Bu dövrdə müxtəlif kəskin geofiziki xüsusiyyətlərə malik hava kütlələrinin toqquşması nəticəsində yağışlar daha intensiv olur və bu, torpağın üst və alt qatları arasında əlaqəni zəiflədir. Nəticədə yamaclarda torpaq sürüşmələri və sel hadisələri baş verir. Son illərdə iqlim dəyişiklikləri bu prosesləri daha da aktivləşdirib. Yağışlar torpaq qatlarını sürətlə nəmləndirir, uzun illər ərzində toplanmış delüvial materialları hərəkətə gətirir və nəticədə gözlənilməz sürüşmələrə yol açır".

AMEA rəsmisinin sözlərinə görə, yazın əvvəli sürüşmə hadisələri üçün ən riskli dövrdür və bu səbəbdən həmin ərazilərdə əvvəlcədən monitorinqlərin aparılması və ehtiyat tədbirlərinin görülməsi vacibdir:

"Badamdar yamacları xüsusilə riskli ərazilərdir, eləcə də Masazır istiqaməti və Gəncə prospektinin bəzi yamacları sürüşmə baxımından təhlükəli zonalar kimi qiymətləndirilir. Bu ərazilərdə həm təbii amillər, həm də insan fəaliyyəti sürüşmə riskini artıran əsas faktorlar hesab olunur. Yağışların nəticəsində yamaclarda torpaq kütləsinin su ilə yüklənməsi, çatlara suyun sızması və üst qatla alt qat arasındakı əlaqənin pozulması qravitasiya təsiri altında sürüşmələrə gətirib çıxarır. Belə hallarda kiçik bir hadisə belə yamaclarda ciddi uçqun və torpaq hərəkətinə səbəb ola bilər. Xoşbəxtlikdən, hazırkı fəsadlar yalnız maddi ziyanla nəticələnib və insan tələfatı qeydə alınmayıb".

Mütəxəssis həmçinin bildirib ki, digər ölkələrdə, o cümlədən Dağıstan və Türkiyədə baş verən oxşar hadisələr daha ağır nəticələrə səbəb olub, buna görə də Bakı və Abşeron ərazilərində vəziyyətin nəzarətdə saxlanması çox vacibdir:

"Hazırkı fəsadlar həm yerli əhalinin, həm də müvafiq qurumların diqqətini bu kimi təbii təhlükələrə qarşı daha ciddi hazırlıq görməyə yönəltməlidir. Yeraltı kanal kollektorlarını, yolları çəkənlər və s. hamısı bu işləri bir-birilə razılaşdırmalı, sonra həyata keçirilməlidirlər. Belə razılaşmamanın səbəblərini bu gün Zabrat və Masazır tərəflərdə çox güclü su basmaları ilə müşahid edirik. Bunlar da qeyri-nizamsız, idarə olunmayan məskunlaşmanın nəticələridir və bunlara qarşı da çox ciddi mübarizə aparmaq lazımdır".

Məsələ ilə bağlı ETSN-dən sorğumuza cavab olaraq bildirilib ki, yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.