Bakıdan gələn 71 nəfər Iğdırdan avtobuslarla Naxçıvana yola salındı – FOTOLAR/YENİLƏNDİ
Sosial
Bakıdan gələn sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib.
News24.az xəbər verir ki, təyyarədə olan 71 sərnişin pasport yoxlamasından keçdikdən sonra avtobuslarla Naxçıvana yola salınıb. (APA)
**
Azerbaijan Airlines (AZAL) tərəfindən Bakıdan Naxçıvana uçan sərnişinlər təhlükəsizlik səbəbilə Iğdır Şehit Bülent Aydın Havalimanına gətirilib. İlkin mərhələdə üç sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatıb.
News24.az xəbər verir ki, Iğdırda sərnişinləri Türkiyə Böyük Millət Məclisinin Iğdırdan olan deputatı Cantürk Alagöz, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, hakim AK Partinin vilayət sədri Ali Kemal Ayaz və hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.
Iğdıra enən azərbaycanlı sərnişinlər göstərilən diqqətə görə təşəkkür edərək Türkiyə–Azərbaycan qardaşlığını vurğulayıblar.
Rəsmi şəxslərin verdiyi məlumata görə, Naxçıvan Beynəlxalq Hava Limanı yenidən fəaliyyətə başlayana qədər Bakı–Naxçıvan uçuşları Iğdır Şehit Bülent Aydın Havalimanı üzərindən həyata keçiriləcək.
Deputat Cantürk Alagöz hava limanında jurnalistlərə açıqlamasında hadisədən kədərləndiklərini bildirib:
“Oradakı vətəndaşlarımıza keçmiş olsun deyirik, yaralananlara isə tezliklə şəfa diləyirik. Bölgədə baş verən hadisələrin daha da böyüməsini istəmirik. Naxçıvan hava limanında baş verən hadisə səbəbindən hava limanı bir müddət uçuşlar üçün bağlanıb. Təhlükəsizlik baxımından Bakı–Naxçıvan reysləri bundan sonra müvəqqəti olaraq Iğdır üzərindən həyata keçiriləcək”.
O həmçinin qeyd edib ki, Iğdır Şehit Bülent Aydın Havalimanının ilk dəfə beynəlxalq uçuşa xidmət göstərməsi mühüm hadisədir və hava limanının gömrüklü zona kimi fəaliyyət göstərməsi bu prosesdə xüsusi əhəmiyyət daşıyır.
Bildirilib ki, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakıdan gələn sərnişinlər Iğdır üzərindən quru yolu ilə Naxçıvana keçəcək, Naxçıvandan Bakıya uçacaq sərnişinlər isə əvvəlcə quru yolu ilə Iğdıra gəlib, oradan hava nəqliyyatı ilə Azərbaycana yola düşəcəklər. (Yeni Sabah)