Bakının bu ərazilərində evlər ucuzlaşa bilər - AÇIQLAMA
Sosial
Son günlər yağan intensiv yağışlar yalnız şəhərin infrastrukturunu sınağa çəkmədi, həm də daşınmaz əmlaklarda izlər buraxdı. Küçələrdə yığılan su əmlak bazarında qiymət balansını dəyişdi. Bəzi ərazilərdə evlər sürətlə dəyər itirdiyi halda, digərlərində tələbat gözəçarpacaq dərəcədə artdı.
Xüsusilə subasma riski ilə üzləşən ərazilərdə evlər alıcıların gözündə əvvəlki cəlbediciliyini itirməyə başladı. Bir neçə gün davam edən yağıntı kifayət etdi ki, illərlə formalaşan etibar zədələnsin və həmin əmlaklar artıq “təhlükəli seçim” kimi qiymətləndirilsin.
Maraqlıdır, Bakıda və Abşeron yarımadasında subasmaya məruz qalan ərazilərdə daşınmaz əmlakın qiymət dinamikası necə dəyişəcək?
Məsələ ilə bağlı News24.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, daşınmaz əmlak bazarında mövsümi aktivlik hər il özünü eyni qaydada göstərir:
"Adətən mart ayının sonlarından başlayaraq avqustun sonunadək torpaq sahələrinə, fərdi yaşayış evlərinə və xüsusilə bağ evlərinə maraq əhəmiyyətli dərəcədə artır. Bu isə təbii olaraq bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Tələbatın artması qiymətlərin də paralel şəkildə yüksəlməsi ilə nəticələnirdi. Bununla yanaşı, paytaxtda aparılan söküntü işləri də bazara ciddi təsir göstərən amillərdən biri idi. Belə ki, mənzili sökülən vətəndaşların bir hissəsi şəhər ətrafına üz tutur, fərdi yaşayış evləri və torpaq sahələri almağa üstünlük verirdi. Bu proses isə xüsusilə Bakı və Abşeron ətrafında yerləşən ərazilərdə qiymətlərin daha da bahalaşmasına gətirib çıxarırdı".
Ekspert qeyd edib ki, son günlər müşahidə olunan intensiv yağıntılar bazarda bu dinamikanı kəskin şəkildə dəyişib:
"Bakı və Abşeron ərazisində bir sıra yaşayış massivlərinin su altında qalması həmin ərazilərdə yerləşən daşınmaz əmlakın cəlbediciliyini azaldıb. Subasma halları bir çox evlərin tikinti keyfiyyətindəki problemləri üzə çıxarıb, kommunikasiya və infrastruktur baxımından ciddi nöqsanların olduğunu göstərib. Nəticədə bu ərazilər artıq alıcılar üçün riskli zonalar kimi qiymətləndirilir".
Onun fikrincə, yaxın dövrdə bu tip ərazilərdə yerləşən evlərə maraq əhəmiyyətli dərəcədə azalacaq. Ekspert bildirib ki, alıcıların ehtiyatlı davranması səbəbindən bazarda müəyyən müddət alıcı qıtlığı yaranacaq, bu da qiymətlərin aşağı düşməsini qaçılmaz edəcək.
Əmlak eksperti Elnur Azadov da bildirib ki, istehlakçılar artıq bu kimi məsələlərə qarşı daha diqqətli olacaqlar.
Onun sözlərinə görə, kanalizasiya xətlərinin olmadığı, köhnə və ya müxtəlif problemlərin mövcud olduğu ərazilərdə tələbatın azalacağı gözlənilir:
"Əksinə, kanalizasiya infrastrukturu olan və problem yaşanmayan yerlərə tələbat daha yüksək olacaq. Bu da müəyyən dərəcədə qiymətlərə təsir göstərə bilər. Lakin bu vəziyyət uzunmüddətli olmayacaq. Müəyyən bir dövr ərzində – bir və ya iki il içində bazar bu dəyişikliklərə uyğunlaşacaq və təcrübə formalaşacaq".
Ekspert qeyd edib ki, Bakı şəhəri ətrafındakı qəsəbələrdə kiçik kollektor xətlərinin çəkilməsi ilə bağlı dövlət proqramları həyata keçirilir:
"Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Mövcud kanalizasiya sistemi olmayan ərazilərin təxminən 50 faizinin bir-iki il ərzində bu sistemlə təmin olunacağı gözlənilir".
Aqil Qarayev
Xeyrənsə Piriyeva