Bakının kanalizasiya problemi: Böyük təhlükənin qarşısını belə almaq olar - AÇIQLAMA
Sosial
Son günlər Bakıda yağan güclü yağış şəhərdə bir sıra fəsadlara səbəb olub. Yağış suları bəzi ərazilərdə şəhər infrastrukturunun "zəif bənd"lərini üzə çıxarıb - yolları, evləri su basıb, tunellər isə keçilməz ərazilərə çevrilib.
Ekspertlərin fikrincə, yaranan problem illərdir həllini gözləyən infrastruktur problemlərilə birbaşa bağlıdır. Yağış sularının effektiv şəkildə yönləndirilməməsi, drenaj sistemlərinin yetərsizliyi və bəzi ərazilərdə planlaşdırma qüsurları vəziyyəti daha da ağırlaşdırır.
Məsələ ilə bağlı News24.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, problemin kökündə şəhərin inkişaf tempi ilə infrastrukturun uyğunlaşmaması dayanır:
"Bakı son onilliklərdə sürətlə genişlənsə də, bu inkişafı dəstəkləyən kommunikasiya sistemləri, xüsusilə kanalizasiya şəbəkəsi həmin tempə uyğun yenilənməyib. Paytaxtın kanalizasiya sisteminin böyük hissəsi hələ 1960-cı illərdə qurulub və müasir tələblərə cavab vermir. Bu isə intensiv yağışlar zamanı sistemin həddindən artıq yüklənməsinə səbəb olur. Üstəlik, mövcud şəbəkənin yalnız təxminən 22 faizində yağış sularını qəbul edən sistem mövcuddur və bu sistem də birbaşa məişət kanalizasiyasına qoşulub. Halbuki, normal şəraitdə bu iki sistem bir-birindən tam ayrı olmalıdır".
Ekspert izah edib ki, məişət kanalizasiyası evlərdən çıxan tullantı sularının uzaqlaşdırılması üçün nəzərdə tutulub, yağış suları və qrunt suları üçün isə ayrıca sistemlər qurulmalıdır:
"Bunun olmaması güclü yağıntılar zamanı şəhərdə subasmaları qaçılmaz edir. Mövcud boşluqları aradan qaldırmaq məqsədilə dövlət proqramı çərçivəsində artıq bir sıra iri infrastruktur layihələrinə start verilib. Yeni kollektor xətləri müxtəlif istiqamətlər üzrə Ələt–Zığ–Hövsan, Xırdalan–Müşviqabad, Dərnəgül–Sabunçu–Bakıxanov–Qaraçuxur və digər əraziləri əhatə edəcək şəkildə inşa olunur. Bu layihələrin əsas məqsədi yağış sularının effektiv şəkildə kənarlaşdırılması, eyni zamanda tullantı sularının təmizlənmədən Bakı buxtası istiqamətinə axıdılmasının qarşısını almaq və ümumilikdə şəhər infrastrukturunu müasirləşdirməkdir".
Ekspert əlavə edib ki, proqram 2026–2035-ci illəri əhatə edir və ilkin nəticələrin artıq yaxın illərdə, xüsusilə 2027–2028-ci illərdə hiss olunacağı gözlənilir.
"İntensiv yağışlar zamanı su təzyiqinin tənzimlənməsi beynəlxalq mühəndislik praktikasında geniş tətbiq olunan qabaqlayıcı tədbirdir. Bu addımın əsas məqsədi kanalizasiya şəbəkəsini və tullantı su təmizləyici qurğuları qorumaqdır. Əks halda, sistemdə yaranan həddindən artıq yük bir sıra ciddi problemlərə səbəb ola bilər. Belə hallarda tullantı sularının küçələrə və ya binaların zirzəmilərinə geri vurması, təmizlənməmiş suların ətraf mühitə axıdılması və yüksək təzyiqin boru xətlərində qəzalar yaratması kimi risklər yaranır".