Bayramda istirahət etməyi planlaşdıranların NƏZƏRİNƏ: Hotellərdə qiymətlər dəyişə bilər
Sosial
İran ilə ABŞ və İsrail arasında artan hərbi gərginlik regionda bir sıra sahələrə təsirini davam etdirir. Xüsusilə turizm sektoru bu gərginlikdən əhəmiyyətli dərəcədə zərər görüb. Məlumata görə, regiondakı bəzi reyslərin təhlükəsizlik səbəbilə dayandırılması və ya təxirə salınması, xaricə səyahət planlaşdıranlar üçün ciddi çətinliklər yaradıb. Bu reyslər arasında BƏƏ, Dubay, Doha və digər Körfəz şəhərlərinə uçuşlar da var.
Hava məkanının təhlükəsizliyinə dair risklər səbəbindən bir çox beynəlxalq və regional aviaşirkətlər uçuşları ləğv edib və ya alternativ marşrutlar təmin edib. Bu da səyahətçilərin planlarını xeyli çətinləşdirib və turizm sektoruna mənfi təsir göstərib. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Hazırkı şərait hotellərin doluluq səviyyəsində nəzərəçarpan azalmaya səbəb olub. Bunun fonunda sual yaranır: Xaricə tətil planları ləğv olunan vətəndaşlar qarşıdan gələn bayram günlərində ölkə daxilindəki istirahət məkanlarına üstünlük verə bilərlərmi? Hotellər həmin şəxsləri cəlb edə biləcəkmi və bunun üçün qiymət siyasətində dəyişiklik gözlənilirmi?
Mövzu ilə bağlı News24.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, hazırda bölgədə baş verən geosiyasi gərginlik turizm sektoruna ciddi zərbə vurub və ümumi ziyanın 600 milyon dollardan çox olduğu qiymətləndirilir:
"Yaxın Şərqdə baş verən hadisələr təkcə münaqişə tərəflərini deyil, regionun bir çox ölkəsini, o cümlədən Azərbaycan turizmindən də təsirsiz ötüşməyib. Azərbaycana gələn turistlərin əhəmiyyətli hissəsi Körfəz ölkələrindən və İran hava məkanından istifadə edərək Asiya ölkələrindən gələn səyahətçilər idi. Mövcud vəziyyət isə bu asılılığı dəyişdirib və bir çox istiqamətlər üzrə turizm axınında ciddi azalma müşahidə olunur".

Ekspertin sözlərinə görə, xüsusilə Novruz bayramı ərəfəsində Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi Dubay, Doha və digər Körfəz şəhərlərinə səyahət planlaşdırırdılar:
"Lakin həmin istiqamətlərə reyslərin təxirə salınması və ya ləğv olunması nəticəsində tur paketləri də dayandırılıb və turizm şirkətləri ciddi maliyyə itkiləri ilə üzləşiblər. Eyni zamanda həmin istiqamətlərdən Azərbaycana gəlməyi planlaşdıran turistlər də rezervasiyalarını ləğv etməyə başlayıblar. Yaranmış vəziyyət daxili turizm üçün müəyyən imkanlar yarada bilər. Xaricə səfər edə bilməyən turistlərin bir qismi ölkə daxilində, bölgələrdə istirahətə üstünlük verə bilər. Bu baxımdan regionlarda fəaliyyət göstərən hotellər düzgün qiymət siyasəti aparmalı, xidmət keyfiyyətini artırmalı və sağlam rəqabət mühiti formalaşdırmalıdır".
R.Quliyev bildirib ki, mövcud vəziyyət region hotelləri üçün bir növ tarixi fürsətə çevrilə bilər. Əgər turistlər yerli bölgələrdə keyfiyyətli xidmət və münasib qiymətlərlə qarşılaşsalar, gələcəkdə də istirahət üçün Azərbaycan regionlarını seçə bilərlər. Onun sözlərinə görə, hazırda xaricə üz tutan sanatoriya turizmi axınının bir hissəsini gələcəkdə ölkə daxilində saxlamaq mümkündür.
"Bütün bunlar geosiyasi vəziyyətdən və Azərbaycanın turizm sektorunda düzgün qiymət və xidmət siyasətindən asılıdır. Əsas məsələ yaranan imkanları vaxtında və düzgün qiymətləndirməkdir. Gələcəkdə Kəlbəcər, Laçın və Zəngilan kimi bölgələrdə sanatoriya və termal turizm obyektlərinin yaradılması da yerli turizm potensialını daha da gücləndirə bilər".