Bir gecədə 84 illik savab qazanmaq mümkündür

Bir gecədə 84 illik savab qazanmaq mümkündür Sosial

Qədr gecəsi İslam dünyasında ən müqəddəs və ən çox ehtiram göstərilən gecələrdən biri hesab olunur. İslam inancına görə, bu gecə Qurani-Kərimin nazil olmağa başladığı və Məhəmməd peyğəmbərə ilk vəhyin gəldiyi mübarək vaxt kimi qəbul edilir. Müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət daşıyan bu gecə Ramazan ayının son günlərində xüsusi ibadət, dua və düşüncə ilə yad edilir.

Bununla belə, Qədr gecəsinin dəqiq hansı tarixə təsadüf etməsi və bu gecənin necə keçirilməli olduğu ilə bağlı müxtəlif dini mənbələrdə və islam ənənələrində fərqli yanaşmalar mövcuddur. Bəzi islam alimlərinə görə, bu gecə Ramazan ayının son on günündə, xüsusilə tək gecələrdən birinə təsadüf edir. Digər yanaşmalara görə isə gecənin dəqiq tarixinin gizli saxlanması möminlərin həmin günlərdə daha çox ibadət etməsinə təşviq məqsədi daşıyır.

Bu səbəbdən Qədr gecəsi həm dini mənbələrdə, həm də müxtəlif islam məktəblərində fərqli izah və şərhlərlə təqdim olunur. Mövzunun mahiyyətini və bu gecə ilə bağlı formalaşan dini ənənələri aydınlaşdırmaq üçün din xadimləri və ilahiyyatçılar müxtəlif yanaşmalar irəli sürürlər.

Məsələ ilə bağlı News24.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, Qədr gecəsi xüsusi mərasimlərin və ya müəyyən ritualların həyata keçirildiyi bir gecə kimi təqdim olunmamalıdır. Qədr gecəsi xüsusi mərasimlərin və ya müəyyən ritualların həyata keçirildiyi bir gecə kimi təqdim olunmamalıdır. Onun sözlərinə görə, bu gecə əslində Qurani-Kərimin nazil olmağa başladığı gecə kimi xüsusi əhəmiyyət daşıyır:

"Bəzən görürük ki, insanlar Qədr gecəsində Quran kitabını açaraq başlarının üzərinə qoyurlar. Bunun dinlə heç bir əlaqəsi yoxdur. Əgər Quranı başımıza qoyduğumuz zaman orada yazılanlar başımıza girəcəksə, gəlin hamımız bunu edək. Əgər başımıza girmirsə, saatlarla və ya günlərlə bu hərəkəti etsək də, bunun heç bir faydası olmayacaq”.

İlahiyyatçı qeyd edib ki, Quran sadəcə ritual şəkildə istifadə olunmaq üçün deyil, onun mənasını anlamaq lazımdır:

“Quranı başımızın üstünə yox, başımızın içinə yerləşdirmək lazımdır. Allahın bizdən istəmədiyi, Quranda buyurmadığı və son Peyğəmbərin etmədiyi bir hərəkət bizi Qurana yaxınlaşdırmır. Quranı anlamaq üçün onu oxumalı, dinləməli və düşünərək həyatımıza tətbiq etməliyik”.

İlahiyyatçı, axund Hacı Rəhim Kərimov bildirib ki, Qurani-Kərimdə yer alan Qədr surəsi Qədr gecəsinin əhəmiyyətini və fəlsəfəsini insanlara çatdırır:

"İslam ənənəsinə görə, Qədr gecəsi Ramazan ayının son on günlüyündə axtarılır və xüsusilə ayın 19-cu gecəsindən 27-ci gecəsinə qədər olan müddət bu baxımdan daha əhəmiyyətli sayılır. Ramazan ayının son günlərində olan gecələrə biz adətən əhya gecələri deyirik. Əhya sözünün mənası oyaq qalmaq deməkdir. Yəni möminlər həmin gecələri səhərə qədər ibadət, zikr və dualarla keçirməyə çalışırlar. Amma Qədr gecəsi bu gecələrin yalnız birinə təsadüf edir. Hansı gecə olduğu isə dəqiq şəkildə bildirilmədiyi üçün insanlar bu müddətdə olan bütün gecələri ibadətlə keçirməyə səy göstərirlər".

İlahiyyatçı vurğulayıb ki, Quranda Qədr gecəsinin min aydan daha xeyirli olduğu qeyd edilir. Onun sözlərinə görə, min ay təxminən 84 illik bir ömür deməkdir və bu gecənin savabı da məhz buna görə çox böyük hesab olunur.

“Allah-taala Qurani-Kərimdə buyurur ki, Qədr gecəsi min aydan daha xeyirlidir. Yəni insan həmin gecəni ibadət, dua və zikrlə keçirərsə, bu, sanki uzun illər ibadət etmiş kimi böyük savab qazandırır. Buna görə də müsəlmanlar Ramazan ayının son günlərində bu gecələri xüsusilə dəyərləndirməyə çalışırlar”.