Borclar bu müddətdə ödənilməzsə, işıq, qaz və suyun verilməsi dayandırılacaq
Sosial
Vətəndaşların şikayətləri əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən Azərişıq ASC-nin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
İddialara görə, bəzi hallarda abonentlərin elektrik enerjisi üzrə borcu yarandıqdan sonra qanunvericilikdə nəzərdə tutulan müddət gözlənilmədən onların elektrik təchizatı dayandırılır.
Müraciətlərdə bildirilir ki, qüvvədə olan qaydalara əsasən borc hesablandıqdan sonra vətəndaşlara ödəniş üçün ən azı bir ay müddət verilməlidir. Lakin bəzi istehlakçılar bu müddət tamamlanmadan elektrik enerjisinin kəsildiyini iddia edir və bunun qanunvericiliyə uyğun olub-olmaması ilə bağlı müzakirələr aparılır.
Bəs Azərbaycanda kommunal xidmətlərin – elektrik, qaz və su təchizatının verilişi borc yarandıqdan sonra hansı müddətdə dayandırıla bilər?
Məsələ ilə bağlı News24.az-a danışan kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, elektrik enerjisinin verilməsi və dayandırılması ilə bağlı proseslər qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir və abonentlərin hüquqları qorunmalıdır:
"Elektrik enerjisi istifadə edildikdən sonra vətəndaşa ödəniş üçün müəyyən müddət verilir və həmin müddət bitmədən xidmətin dayandırılması düzgün hesab olunmur. Elektrik enerjisi bir ay istifadə edildikdən sonra abonentə bildiriş verilir və vətəndaş həmin müddətin haqqını ödəməlidir. Bütün proses qanun çərçivəsində həyata keçirilməlidir. Əgər vətəndaşın borcu olduğu halda elektrik enerjisi bir ay tamam olmadan kəsilibsə, bu düzgün deyil və qanunvericiliyə zidd hesab olunur. Belə hallarla qarşılaşan vətəndaş məhkəməyə müraciət edə bilər”.
Ekspert qeyd edib ki, qanunvericiliyə əsasən borc yarandıqdan sonra abonentə dərhal elektrik enerjisinin verilişi dayandırılmamalıdır:
"Əvvəlcə 30 günlük müddət tamam olmalı, daha sonra isə abonentə rəsmi bildiriş təqdim edilməlidir. Həmin bildirişdə borcun məbləği, ödəniş üçün verilən vaxt və elektrik enerjisinin hansı tarixdən dayandırılacağı açıq şəkildə göstərilməlidir. Yalnız bu prosedurlar yerinə yetirildikdən sonra abonentin elektrik enerjisinin verilməsi dayandırıla bilər. Əks halda, yəni qanunla müəyyən edilmiş müddət gözlənilmədən və rəsmi xəbərdarlıq edilmədən işığın kəsilməsi vətəndaş hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".
Onun sözlərinə görə, kommunal xidmət göstərən qurumlar abonentlərlə münasibətlərdə şəffaflıq və qanunvericiliyə riayət prinsiplərinə əməl etməli, istehlakçılara qarşı məsuliyyətli davranmalıdır. Bu baxımdan Azərişıq ASC kimi xidmət təminatçıları abonentlərin hüquqlarına hörmətlə yanaşmalı və bütün prosedurları qanun çərçivəsində həyata keçirməlidir.