Bu şəxslərin kredit borcu silinəcək? - AÇIQLAMA

Bu şəxslərin kredit borcu silinəcək? - AÇIQLAMA Sosial

Son zamanlar Azərbaycanda bank sektorunda ciddi dəyişikliklər baş verir. Belə ki, yaxın günlərdə Bank “BTB” ASC fəaliyyətini dayandıraraq bank olmayan kredit təşkilatına (BOKT) çevrilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 5 mart tarixli qərarı ilə qanunvericiliyə uyğun olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi üçün qabaqcadan razılıq verilib.

Qeyd edək ki, bundan əvvəl “Günay Bank” və “Muğan Bank”ın bağlanması ilə bağlı da müvafiq qərarlar qəbul olunmuşdu. Eyni zamanda, ölkədə bir neçə digər bankın da bağlanma ehtimalı ilə bağlı məlumatlar yayılır.

Bəs bank bağlandığı halda həmin banklara kredit borcu olan vətəndaşların öhdəlikləri necə tənzimlənir?

Məsələ ilə bağlı News24.az-a danışan tanınmış hüquqşünas Əkrəm Həsənov bildirib ki, belə hallarda borcların taleyi qanunvericiliyə uyğun şəkildə tənzimlənir:

"Bank fəaliyyətini dayandırdıqda və ya müflis elan olunduqda xüsusi ləğvetmə prosesi başladılır və bu prosesə nəzarət etmək üçün ləğvetmə komissiyası yaradılır. Həmin komissiya bankın bütün aktivlərini və öhdəliklərini idarə edir. Bu o deməkdir ki, vətəndaşların banka olan kredit borcları da bu komissiyanın nəzarətinə keçir və ödənilməli olaraq qalır. Borclar ya ləğvetmə komissiyasına, ya da həmin borcu satın alan digər maliyyə qurumuna ödənilməlidir. Bu səbəbdən vətəndaşlar belə hallarda ödənişləri dayandırmamalı, əksinə, borcun hansı quruma yönləndirildiyini dəqiqləşdirərək öhdəliklərini yerinə yetirməyə davam etməlidirlər".

Hüquqşünas qeyd edib ki, bəzi hallarda müflis olmuş bankın kredit portfeli başqa bir banka satıla və ya ötürülə bilər:

"Əgər vətəndaşın banka 1000 manat borcu varsa, başqa bir bank bu borcları daha aşağı məbləğə, məsələn 800-900 manat civarında satın ala bilər. Bu halda borc hüquqi olaraq yeni banka keçir və borclu şəxs ödənişlərini artıq həmin banka etməli olur. Eyni zamanda, belə proseslər zamanı müəyyən güzəştlərin tətbiqi də mümkündür. Yeni kreditor borcun bir hissəsinin silinməsi, ödəniş qrafikinin dəyişdirilməsi və ya daha əlverişli şərtlərlə restrukturizasiya təklif edə bilər. Lakin bu, bankın və ya yeni kreditorun qərarından asılıdır və bütün borclulara şamil olunmaya bilər".