Bu şəxslərin maaşı ilə bağlı yenilik: Artırılması müzakirə olunur
Sosial
Hərbçilərə tutduqları vəzifəyə və hərbi rütbələrə uyğun ödənişlərin artırılması təklif olunur. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində qeyd olunub ki, hərbi qulluqçuların pul təminatının artırılması, həmçinin mənzil kirayəsi üçün verilən kompensasiyanın yüksəldilməsi məqsədəuyğundur. Bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Ombudsmanın təklifinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə və hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır. Eyni zamanda, mənzil kirayəsi xərclərindəki artım və mövcud reallıqlar nəzərə alınaraq hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün nəzərdə tutulan pul kompensasiyasının da artırılması tövsiyə olunur.
Məsələ ilə bağlı News24.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, Ombudsmanın illik məruzəsində bir sıra mühüm və aktual təkliflər öz əksini tapıb:
“Hərbçilərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə məruzədə xüsusi yer ayrılıb. Bu cür təşəbbüslər dövlət qurumları tərəfindən diqqətlə nəzərdən keçirilir və onların həyata keçirilməsi imkanları araşdırılır. Bu kimi təşəbbüslər bir mənalı şəkildə hökumət qurumları tərəfindən qiymətləndirilir. Hər bir təklif üzrə ilkin olaraq maliyyə qiymətləndirilməsi aparılır, yəni onların dövlət büdcəsinə mümkün təsiri araşdırılır. Bundan sonra uyğun hesab edilən təşəbbüslər layihə şəklində hazırlanaraq Milli Məclisə təqdim olunur”.
V.Bayramovun sözlərinə görə, qanunvericilik prosesində müəyyən prosedurlar mövcuddur və təkliflərin qanun layihəsinə çevrilməsi üçün bir neçə mərhələdən keçməsi tələb olunur. İlk növbədə, hökumət tərəfindən fiskal və digər iqtisadi qiymətləndirmələr aparılır, daha sonra isə müvafiq layihələr parlamentə təqdim edilir:
“Əgər hökumət tərəfindən bu və ya digər təkliflərlə bağlı layihələr Milli Məclisə təqdim olunarsa, artıq parlamentdə geniş müzakirələr keçirilir. Bu müzakirələr zamanı həm komitələrdə, həm də plenar iclaslarda deputatlar öz mövqelərini bildirirlər və nəticədə qanun layihəsinin qəbul olunması məsələsinə baxılır”.
Deputat əlavə edib ki, Ombudsmanın məruzəsində əksini tapan təkliflər yalnız bir sahə ilə məhdudlaşmır və onların bir qismi sosial siyasətin daha da təkmilləşdirilməsinə yönəlib. Onun sözlərinə görə, bu cür təşəbbüslər hökumət tərəfindən də mütəmadi olaraq dəyərləndirilir.