Buraxılış imtahanlarının nəticələri bu il niyə daha gec elan olunur? - DİM səbəbləri açıqladı
Sosial
Ötən illərlə müqayisədə bu il buraxılış imtahanlarının nəticələrinin elan olunma müddətinin uzanması ictimaiyyətdə suallar yaradıb. Əvvəllər nəticələr əsasən 4–5 həftə ərzində açıqlanırdısa, bu il həmin müddət təxminən 7 həftəyə qədər artırılıb.
Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, cavabların bir neçə həftəyə elan olunmasının səbəbi yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasıdır:
"Hər tapşırığı iki marker müəllim yoxlayır. Zərurət olduqda 3-cü marker də yoxlama aparır. İmtahan iştirakçıları və açıq cavab tələb edən tapşırıqların ümumi sayını nəzərə alsaq, görərik ki, burada milyonlarla tapşırığın yoxlanılmasından söhbət gedir".
DİM-dən verilən məlumata görə, bəzi fənlər üzrə tam hazırlıqlı, müvafiq kriteriyalara cavab verən marker müəllimlərin sayı da çox deyil:
"Buna görə də yekun nəticələrin elan olunması bir qədər vaxt tələb edir. Buraxılış imtahanlarında adətən 5 həftəyə proses yekunlaşır. Bu vaxt təqribi deyilən müddətdir. Əvvəl də nəticələr faktiki 5 həftəyə elan olunub. 6 həftə deyiləndə də, daha tez elan olunub. İmtahanda baş verən xüsusi halların araşdırılması da nəticələrin elan olunma müddətinə təsir göstərə bilər. Bu il isə nisbətən daha çox imtahan iştirakçısı var. Həmçinin ildən-ilə açıq tipli tapşırıqlara daha çox şagird cavab verir. Bayram günlərinin çoxluğunu da nəzərə almaq lazımdır. Ona görə də nəticələrin elan olunması təqribən 7 həftə ərzində mümkün olacaq".