"eManat"dan bank kartına pul yükləmək ödənişli olacaq - SƏBƏB açıqlandı

"eManat"dan bank kartına pul yükləmək ödənişli olacaq - SƏBƏB açıqlandı Sosial

Son günlər "eManat" terminalları vasitəsilə bank kartlarına və bank hesablarına nağd pul mədaxili zamanı 1 faiz xidmət haqqının tətbiq ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, yeni tarifin 1 aprel tarixindən qüvvəyə minəcəyi gözlənilir.

Məsələ istifadəçilər arasında birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Xüsusilə komissiyanın hansı əməliyyatlara şamil ediləcəyi, digər tərəfdən əlavə ödəniş tutulub-tutulmayacağı və ümumilikdə belə bir dəyişikliyin hansı zərurətdən irəli gəldiyi əsas suallar kimi gündəmə gəlib.

Məsələ ilə bağlı News24.az-a danışan bank məsələləri üzrə ekspert, tanınmış hüquqşunas Əkrəm Həsənov bildirib ki, xidmətlərin ödənişli olması iqtisadi baxımdan əsaslandırılıb:

"Hər bir xidmətin təqdim edilməsi vaxt, əmək, maliyyə və texniki resurslar tələb edir. Bu resursların qarşılığı ödənilmədikdə xidmətin davamlı şəkildə təmin olunması mümkün olmur. Məsələn, müxtəlif sistemlərin fəaliyyəti üçün elektrik enerjisi, avadanlıqların saxlanılması və texniki xidmət, həmçinin nəzarət üçün işçi qüvvəsi tələb olunur. Bu xərclər mütəmadi xarakter daşıyır və onların qarşılanması vacibdir. Eyni zamanda, xidməti təqdim edən tərəfin müəyyən gəlir əldə etməsi də zəruridir".

Ekspert bildirib ki, əvvəllər bəzi xidmətlər banklar tərəfindən maliyyələşdirildiyi üçün istifadəçilərə pulsuz idi:

"Lakin bu dəstək azaldıqda, xərclər birbaşa xidmət təminatçısının üzərinə düşür. Nəticədə, xidmətlərin ödənişli olması həm xərclərin qarşılanması, həm də sistemin davamlı fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunur".

Məsələ ilə bağlı sorğumuza cavab olaraq "eManat"dan bildirilib ki, 1 aprel 2026-cı il tarixindən etibarən "eManat" terminalları vasitəsilə "Premium Bank" kart və hesablarına mədaxil edilən vəsaitlərdən 1 % xidmət haqqı tutulacaq.

"Digər ödəniş istiqamətləri üzrə tariflər dəyişməz qalır və xidmətlər mövcud qaydada fəaliyyətini davam etdirir", - deyə məlumatda qeyd edilib.