Evdən qaçan uşaqlar: Səbəblər, risklər və ailələrin rolu
Sosial
Son vaxtlar uşaqların evdən qaçması halları diqqət çəkir. Statistik göstəricilərin çox və ya az olması isə problemin mahiyyətini dəyişmir. Çünki hər belə hadisənin arxasında danışa, qorxularını bölüşə bilməyən bir uşağın psixoloji gərginliyi dayanır.
Ev uşaqlar üçün təhlükəsiz sığınacaq olmalı olduğu halda, bəzən təzyiq və anlaşılmazlıq məkanına çevrilir. Nəticədə uşaqlar çıxış yolunu ailədən uzaqlaşmaqda, küçədə və ya yad mühitdə axtarırlar. Mütəxəssislərə görə, bu addım təkcə fiziki uzaqlaşma deyil, həm də daxili narahatlığın və kömək çağırışının göstəricisidir.
Bəs uşaqları bu qərara nə vadar edir? Problemin kökündə hansı sosial və psixoloji amillər dayanır?
Mövzu ilə bağlı News24.az-a danışan psixoloq Aygül Məlikova bildirib ki, uşaqların evdən qaçmasının bir yox, bir neçə səbəbi var:
"Bunlardan biri emosional yüklənmə və stress ola bilər. Uşaq özünü ailə içində sıxılmış hiss edəndə, tez-tez danlananda "buradan uzaqlaşmaq mənə özümü rahat hiss etdirəcək" düşüncəsi formalaşır və bu zaman evdən qaça bilir. Qorxu və özünü təhlükəsiz hiss etməmə anında da belə hallar baş verə bilər. Mübahisələr, ailədaxili konfliktlər və ya emosional, fiziki təzyiq uşağın beynində təhlükə assosiasiyasını yaradır. Bu zaman uşaq təhlükədən uzaqlaşmaq üçün evdən qaça bilir.
Eşidilməmək və öz fikrini ifadə edə bilməmək də buna səbəb ola bilər. Uşaq danışanda "məni heç kim dinləmir" və ya "mənsiz qərar verirlər və məni görmürlər" kimi düşüncələrə qapıla bilər və bu zaman evdən gedərək diqqət çəkməyə çalışa bilərlər".
Psixoloq qeyd edib ki, uşaqlar daha artıq sevgiyə ehtiyac duyduqları hallarda da bu cür addım ata bilərlər:
"Hər uşaq qayğı və diqqət istəyir. Bunu hiss etmədikdə bəzən təhlükəli yollarla özünü göstərməyə çalışır. Tənqid, müqayisə və yüksək gözləntilər artdıqda bu halları daha çox müşahidə edirik. Daim "sən bacarmırsan" və ya "başqaları kimi ol" tərzində cümlələr uşağın özünə dəyər hissini zədələyir və onda qaçmaq istəyi yaradır".
Mütəxəssis bildirib ki, bu cür hallarda psixoloji problemlər də rol oynaya bilər:
"Həyəcan, təşviş, davranış pozuntusu və depressiv hallar zamanı uşaqların evdən qaçdığı hallara rast gəlinir".
Problemin həlli yollarına gəlincə, mütəxəssisin sözlərinə görə, uşaqlar üçün emosional təhlükəsiz mühit yaratmaq lazımdır:
"Ev uşaq üçün cəza və tənqid yeri deyil, təhlükəsizlik zonası olmalıdır ki, uşaq burada özünü güvənli hiss etsin. Uşağı sakit şəkildə dinləmək, danışanda "niyə belə etdin?" və ya "sən kimsən?" kimi ifadələrdən qaçmaq lazımdır. Bunun əvəzinə "sən necə hiss edirsən?" kimi suallar vermək faydalıdır. Dinlənildiyini bilən uşaq qaçmağa ehtiyac duymur. Valideyn-uşaq arasında güvən körpüsünü bərpa etmək, gündə bir neçə dəqiqə də olsa xüsusi "mənimlə vaxt" ritualı yaratmaq və bunu oyun, söhbət şəklində etmək uşağa sevildiyini hiss etdirir".
Psixoloq vurğulayıb ki, uşaqlara münasibətdə cəzanı deyil, qaydanı önə çəkmək vacibdir:
"Qorxutmaq, hədə qorxu gəlmək və qışqırmaq uşaqda mənfi davranışları daha da gücləndirir. Sakit, ardıcıl və yumşaq sərhədlər uşaqlarda nəzarət hissi yaradır. Məktəb, bağça və sosial mühiti yoxlamaq lazımdır. Bəzən uşaq evdən deyil, məktəbdə yaşadığı çətinliklərdən qaçır. Mobbinq (iş yerində və ya kollektivdə bir şəxsə qarşı qrup halında həyata keçirilən davamlı, məqsədyönlü psixoloji təzyiq və zorakılıq), qısnama, müəllim qorxusu və sosial çətinliklər çox böyük təsir göstərə bilər".
Mütəxəssis vurğulayıb ki, uşağa emosional tənzimləmə bacarıqlarını öyrətmək də vacibdir:
"Uşaq duyğularını tanıyanda və onları "əsəbiyəm", "kədərliyəm" kimi ifadə edə bildikdə, davranışı ilə diqqət çəkmə ehtiyacı azalır. Əgər uşaq artıq evdən qaçmağa cəhd edibsə, bu həyəcan siqnalıdır və psixoloji dəstək alınmalıdır".
"Uşağın evdən qaçmaq istəyi problem yaratmaq arzusu deyil, bir ehtiyacın və ya müraciətin səsidir. Uşaq eşidildiyini, güvəndə olduğunu və sevildiyini hiss etdikdə bu davranış tamamilə aradan qalxır", - deyə mütəxəssis qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Şəbnəm Cəfərova da bildirib ki, uşaqların yaşadıqları evi tərk etməklərinin müxtəlif səbəbləri ola bilir:
"Bəzən ailə daxilində yaranan zorakılıq, uşağa qarşı etinasız münasibət və ya digər hallarda uşaqlar yaşadıqları evi tərk edirlər. Təbii ki, belə hallarda uşağın valideynlərinin və ya qəyyumlarının tapılması istiqamətində işlər həyata keçirilir. Bundan sonra ailəyə səfər təşkil olunur ki, uşağın vəziyyəti nəzarətdə saxlanılsın və bu cür halların təkrarlanmasının qarşısı alınsın".
"Valideynlərə müraciət edərək bildiririk ki, uşaqlarına qarşı münasibətdə onların psixoloji vəziyyətlərini başa düşsünlər və problemlərinə etinasız yanaşmasınlar. Əgər uşaq valideyninə fikrini bildirirsə, valideyn bunu dinləməli, uşağa tək olmadığını göstərməli və mövcud problemi necə həll edəcəyi barədə məsləhət verməlidir.
Çalışmaq lazımdır ki, övladımızı sağlam psixologiyada böyüdək və problemlərinin həllində ilkin olaraq ailə daxilində dəstək olaq".
Gülçin Abdullayeva