"Evimiz bərbad haldadır, yaşaya bilmirik" – Keşlə sakinləri evlərini ATIB GETDİ
Sosial
Bakının Keşlə qəsəbəsində intensiv yağıntıdan sonra evlərin su altında qalması sakinləri çıxılmaz vəziyyətdə qoyub. Onlar bildirirlər ki, yağışdan günlər keçməsinə baxmayaraq, evlər hələ də yaşayış üçün yararsızdır.
News24.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bəzi evlərdə suyun səviyyəsi 1,5 metrə qədər qalxıb. Nəticədə ev əşyaları, məişət texnikası tamamilə yararsız hala düşüb.
Sakinlər deyirlər ki, artıq üçüncü dəfədir eyni vəziyyətlə üzləşirlər:
“Üçüncü dəfədir buranı su basır. Evdə nə vardısa, hamısı məhv oldu. Laminat, qapılar, əşyalar – hamısı yararsızdır. Qoxudan evə girmək olmur”.
Onların sözlərinə görə, hadisədən sonra bir neçə gün evlərində qala bilməyiblər, bəziləri isə müvəqqəti olaraq başqa yerlərə köçmək məcburiyyətində qalıb.
Bəzi sakinlər iddia edir ki, yağışdan sonra əraziyə baxış keçirən aidiyyəti qurum nümayəndələri evlərin söküntüyə düşəcəyini və kompensasiya məsələsinə baxılacağını bildiriblər, lakin hələlik bununla bağlı konkret qərar yoxdur.
“Gəlib ölçü götürdülər, dedilər evlər söküləcək. Amma nə olacağı hələ bilinmir. Gəlirlər, yazırlar, gedirlər, amma nəticə yoxdur”, – deyə sakinlər narazılıq bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qanunvericiliyə görə sənədi olmayan evlər rəsmi kompensasiya ala bilməsə də, sosial dövlət prinsiplərinə uyğun olaraq belə hallarda zərərçəkənlərə yardım göstərilir.
Onun sözlərinə görə, dəymiş zərərin məbləği müvafiq komissiya və ya sertifikatlı qiymətləndiricilər tərəfindən müəyyən edilir və bu prosesə aidiyyəti dövlət qurumları cəlb olunur.