Futbolçunu öldürən şəxs əfv edildi
Sosial
Novxanı qəsəbəsində yeniyetmə futbolçunun ölümündə təqsirləndirilən Fəxrəddin Bəşirov əfv edilib.
News24.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncamda bildirilib. Sərəncama görə, F.Bəşirov cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Xatırladaq ki, 2019-cu ildə Sumqayıt şəhər sakini Fəxrəddin Asif oğlu Bəşirov idarə etdiyi "Isuzu" markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Binəqədi rayonu, Novxanı qəsəbəsi, Dəniz Kənarı küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Ayxan Qasımov və Rasim Bayramovu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
F.Bəşirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt" futbol klubunun U-15 komandasında çıxış edirdi.